“Louis Vuitton” və “Christian Dior” kimi brendlərə sahib olan “LVMH” şirkətlər qrupu, Amerikanın “Tiffany” zərgərlik şirkətinin satın alınması prosesinin başa çatdığını elan edib.
Eləcə də bax: İlon Mask dünyanın - Ən Varlı İnsanı Oldu
FED.az Banker.az-a istinadən xəbər verir ki, razılaşma haqqında məlumat “LVMH”nin saytında qeyd edilib. Əməliyyatın məbləği hələki açıqlanmayıb.
Bununla əlaqədar olaraq, “LVMH”nin sahibi və Avropanın ən zəngin adamı Bernard Arnonun sərvəti 4.3 milyard dollar artıb. Xatırladaq ki, daha əvvəl sahibkarın sərvəti 153.4 milyard dollar dəyərində qiymətləndirilib. Hal-hazırda o, “Forbes” reytinqində “Amazon”un təsisçisi Ceff Bezos və “Tesla”nın qurucusu İlon Maskdan sonra üçüncü yeri tutur.
“LVMH” şirkətlər qrupu “Tiffany” ilə 2019-cu ildə maraqlanmağa başlayıb. 2019-ci ilin noyabrında şirkətlər 16.7 milyard dollarlıq müqavilə haqqında razılığa gəlsələr də, “LVMH” qəfildən satınalmadan imtina edib. “Tiffany” bununla bağlı ABŞ məhkəməsinə müraciət edəcəyini açıqlayıb.
Bütün bunlara baxmayaraq, 2020-ci ilin 30 dekabrında səhmdarlar satınalmaya razılıq verdilər.