Çinin «Alibaba» şirkəti ölkənin məşhur endirim bayramı sayılan «Subaylar günü»ndə 25 milyard dollarlıq mal satıb. FED.az xəbər verir ki, noyabrın 11-12-də keçirilən «Subaylar günü» şirkətin onlayn satış platforması 160 milyard yuanlıq və ya 25,3 milyard dollarlıq ticarət edib.
Qeyd edək ki, «Subaylar günü» Çində hər ilin noyabrın 11-də qeyd edilir. Bu tarixdə 24 saat ərzində mağazalar, o cümlədən onlayn satış platformaları böyük endirimlərə başlayırlar ki, bu da şirkətlərə böyük gəlir gətirir.
15 milyon çeşiddə məhsul çıxarılıb
Sutka ərzində endirimlərdən təkcə Çin vətəndaşları deyil, 225 ölkədəki istifadəçilər də yararlana biliblər. Bu dəfə 140 minə yaxın şirkət və mağaza “Alibaba”nın internet mağazalarından satışa 15 milyon çeşiddə məhsul çıxarıb.
Bu dəfə şirkətlərin satışlar 2016-cı ilin «Subaylar Günü» ilə müqayisədə 39% yüksəlib. Xatırladaq ki, ötən il həmin gün cəmi 18 milyard dollarlıq alver edilmişdi. Alibaba isə satış üzrə bir neçə inanılmaz nəticəyə malik olub. Belə ki, satışların başlanmasından keçən ilk 3 dəqiqədə şirkət 1,5 milyard dollarlıq satış edib. İlk 6 dəqiqədə isə satışlar 2,85 milyard dollara çatıb. Bundan başqa, satışların pik vaxtında şirkətin satış platformasında eyni zamanda saniyədə 256 min tranzaksiya baş verib.
82 şirkət 100 milyon dollarlıq mal satıb
Ümumilikdə bu «Subaylar Günü»ndə azı 82 şirkət 100 milyon dollarlıq ticarət edib. Satışlara dünya məşhurları, o cümlədən reper Farel Vilyams və aktrisa Nikol Kidman da dəstək verib.
Bütün bu rekordlara baxmayaraq Alibabanın rəhbərliyi «Subaylar Günü»nü qlobal endirim bayramına çevirmək istəyir. Şirkətin imkanlarını və bütün dünyada populyar olduğunu nəzərə alanda bu ideyanı reallaşdırmaq çətin olmayacaq.