Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərinə səfəri çərçivəsində Rusiya-Azərbaycan işgüzar görüşü keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.
Tatarıstanlı iş adamları Azərbaycana - DƏVƏT OLUNUB
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında Rusiyanın KOB sahəsində ixtisaslaşmış müvafiq qurumları ilə əlaqələr, Azərbaycan və Tatarıstan arasında kiçik və orta biznesin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanları, agentliyin dəstək və xidmətləri barədə məlumat verib.
Qeyd edilib ki, başlıca fəaliyyəti yerli KOB-ların dəstəklənməsi olan agentlik onların xarici tərəfdaşlarla əlaqələrinin inkişafına və bazarlara çıxışına da dəstək göstərir. Bu baxımdan KOBİA Rusiya sahibkarlarının yerli biznes tərəfdaşlarla əlaqələndirilməsinə də dəstək göstərə bilər. Potensial investisiya layihələri ilə bağlı məlumat mübadiləsi, perspektiv sahələrdə birgə müəssisələrin yaradılması, iş adamları arasında birbaşa əlaqə yaratmaq üçün sərgilərdə qarşılıqlı iştirak, işgüzar missiyaların təşkili, institusional əməkdaşlığın davamlı inkişafı hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.