Ölkəmizin İtaliyadakı səfirliyində İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri olan senator və deputatlar, eləcə də bu ölkədə müxtəlif sahələr üzrə fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.
Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA
FED.az xəbər verir ki, görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin iqtisadiyyatı, xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış əlverişli investisiya və biznes mühiti, postmünaqişə dövrünün yaratdığı iqtisadi fürsətlər və imkanlar barədə təqdimatla çıxış edib.
Səfir Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün üstünlükləri barədə məlumat verib. Bildirilib ki, Qarabağda yeni Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb.
Rəşad Aslanov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb, İtaliya iş adamlarını ölkəmizin əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria çıxış edərək hazırda iki ölkə əlaqələrinin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, iqtisadi əlaqələrin inkişafı sahəsində mövcud olan potensialdan söz açıb. Bu görüşün iş adamlarının işgüzar əlaqələrini genişləndirməsi baxımından əhəmiyyət daşıdığı bildirilib, məlumatlılığın artırılmasına xidmət edən belə tədbirlərin önəmi qeyd olunub.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi iki ölkə arasında mövcud olan möhkəm iqtisadi əlaqələrdən söz açıb. Bildirilib ki, çoxsaylı İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması layihələrinə cəlb edilib. İtaliya iş adamları Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yaralana bilərlər.
İtaliyanın İxrac Kredit Agentliyinin (“SIMEST Spa”) xarici əlaqələr üzrə direktoru Françeska Alikata İtaliya şirkətlərinin xaricdə böyüməsini üçün həyata keçirilən və dəstəklənən layihələrdən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Sonda iş adamlarını Azərbaycanda investisiya mühiti barədə maraqlandıran məsələlərə aydınlıq gətirilib. (Azərtac)