İsmayıllıda prezident İlham Əliyevin tanış olduğu ilk «ağıllı dayanacağ»ı istehsal edən şirkət məlum olub. FED.az xəbər verir ki, bu - İnnovasiyalar Agentliyinin tabeliyində olan Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti «RD SMART» MMC-dir.
Eləcə də bax: Prezident yeni növ dayanacaqla tanış oldu - FOTOLAR
Sözügedən şirkət İnnovasiyalar Agentliyinin dəstəyi ilə 16 iyun 2020-ci il tarixində İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkında rezident kimi qeydiyyata alınıb və burada müxtəlif «smart» məhsulların istehsalına başlayıb.
«RD SMART» MMC-nin hazırladığı ilk «ağıllı şəhər» («smart-city») komponentləri - avtobus dayanacağı, smart oturacaqlar və işıqlandırma dirəklərinin ilk nümunələri İsmayıllı rayonunun mərkəzində yerləşdirilib. Xəbər verildiyi kimi, İsmayıllıya səfər edən dövlət başçısı həmin ağıllı avtobus dayanacaqları ilə tanış olub.
Hazırda “RD Smart” MMC şirkəti 7 növ texnoloji məhsulun: Azərbaycan alimlərinin ixtirası olan “BİOSANİS” dezinfeksiya məhlulu ilə işləyən dezinfeksiya keçidləri, külək və günəş enerjisi ilə çalışan işıqlandırma dirəkləri, ağıllı avtobus dayanacaqları, vay-fay və telefon şarjı ilə təchiz olunan solar oturacaqların istehsalı ilə məşğuldur. Şirkət Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq olan zavodda 25 növ ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal etməyi planlaşdırır. Və ilk məhsullar artıq İsmayıllı rayonunda quraşdırılır.
Günəş enerjisi ilə işləyən “Smart dayanacaq” hər 10 dəqiqədən bir 10 saniyə ərzində Azərbaycan alimlərinin ixtirası olan spirtsiz, xlorsuz və insan orqanizminə zərər yetirməyən “BİOSANİS” dezinfeksiya məhlulunu havaya püskürdərək dayanacaqda gözləyən sərnişinləri virusa yoluxmaqdan qoruyur. Bundan əlavə dayanacaqda əl üçün dezinfeksiya dispenseri də yerləşdirilib. Dayanacaq həmçinin pulsuz vay-fay, mobil cihazlar üçün 4 şarj yeri, USB port, 2 təhlükəsizlik kamerası və su satan vendinq aparatı ilə təchiz olunub. Sərnişinlərin rahatlığı üçün avtobusların hərəkət qrafiki isə xüsusi paneldə əks olunacaq. Ağıllı avtobus dayanacağının bütün enerji tələbatı solar panellər vasitəsi ilə təmin olunur. Parkda yerləşdirilmiş solar panellər vasitəsilə işləyən daha iki növ ağıllı oturacaq pulsuz vay-fay, mobil cihazlar üçün şarj və USB portla təmin olunub.
Nə üçün şəhərdə deyil, məhz rayonda?! İnnovasiyalar Agentliyindən FED.az-a bildirilib ki, məqsəd – rayon büdcələrinə qənaət etməklə əhaliyə xidmət göstərən sahələri müasir texnologiyalara uyğunlaşdırmaqdır. Belə ki, şirkət tərəfindən istehsal edilən yeni günəş və külək enerjisi ilə işləyən işıq dirəklərinin quraşdırılması ənənəvi elektrik kabelləri ilə çəkilmiş işıq dirəkləri ilə müqaisədə vəsaitə 95% qənaət etmək imkanı verir. Həmçinin, aylıq elektrik ödəmələrinə vəsait xərclənməyərək də qənaət əldə edilir. Çünki işıqlandırma dirəkləri 100% günəş enerjisi ilə işləyir.
Qeyd etmək lazımdır ki, “RD SMART” MMC tərəfindən istehsal olunan “Ağıllı Şəhər”, yeni texnoloji məhsullar “Smart Şəbəkə”sinə inteqrasiya olunmağa tam hazırdır.
Ucqar kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, rayon mərkəzlərində quraşdırılan və işləyən işıqlandırma dirəkləri, işıqforlar, oturacaqlar, dayanacaqlar, elektrik avtobuslar və lazım olan digər qurğular vahid “Smart Şəbəkə” sistemi təşkil edərək asanlıqla idarə ediləcəklər.
İdarəetmə mərkəzində quraşdırılmış monitorlar vasitəsilə operator canlı olaraq sistemdə işləyən qurğuların, avadanlıqların, avtobusların vəziyyətini izləyə biləcək. Hər hansı texniki nasazlıq monitorda əks olunarsa, servis xidməti dərhal müdaxilə edəcək.