Azərbaycanın ticarət şəbəkələri hökumətdən yeni güzəştlər istəmək niyyətindədirlər.
Eləcə də bax: «Supermarketlərin xərci birə-beş artıb - Həftədə 2 Ton Spirt Alırıq» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, yeni yaradılmış və sıralarında iri ticarət şəbəkələrini birləşdirən «Ticarət şəbəkələri» İctimai Birliyi bununla bağlı hökumətə müraciət edib.
Güzəştlərin bir hissəsi ticarət sahəsində çalışan işçilər üçün sosial sığorta haqlarının azaldılmasına, eləcə də COVİD-19 virusu ilə mübarizəyə aiddir.
Bu barəcə FED.az-a müsahibəsində «Ticarət şəbəkələri» İctimai Birliyinin sədri Samir Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda bütün sahələrdə olduğu kimi, ticarət şəbəkələrində çalışanlar da 25% sosial sığorta ödənişlərinə cəlb edilirlər. Amma bu ticarət şəbəkələrinin xərclərini artırır və mağazalara hazırlıqlı işçiləri cəlb etmək imkan vermir.
«Ticarət şəbəkələrində işləyən insanların yaş həddi 25 yaşa qədərdir və pensiya fondu ilə sosial ayırmaların məbləği çoxdur. İstəyirik ki, burada müəyyən güzəşt olunsun ki, həmin vəsaiti (yəni dərəcənin aşağı salınmasından əldə edilən vəsaiti – FED.az) həmin işçilərin əmək haqqına yönəldə bilək. Fikrimizcə, bu addım, işə gəncləri cəlb etməyə böyük kömək edəcək».