Azərbaycanda mikromaliyyənin 1996-cı ildən başlayan inkişaf tarixi var və regionlarda bank xidmətləri olmadığı illərdə əhalinin maliyyəyə çıxışı üçün mikromaliyyə yeganə alternativ maliyyə xidməti kimi mövcud olub. Məlumdur ki, Azərbaycanda mikromaliyyə dedikdə əsasən bank olmayan kredit təşkilatları (BOKT) nəzərdə tutulur. Mikro və kiçik sahibkarlıq subyektlərinin kreditləşdirilməsində BOKT-lar mühüm alətlərdən biridir.
FED.az biznes və maliyyə xəbərləri portalı BOKT-larla bağlı hazırki vəziyyət, biznesin kreditləşməsində onların rolu və planları barədə suallarını Azərbaycan Mikromaliyyə Assosiasiyasınn rəhbəri Cəlal Əliyevə və qurumun yaradılmasında iştirakı olmuş Nazim Əliyevə ünvanlayıb.
Eləcə də bax: Biznes kreditlərinin faizləri azalıb, istehlak kreditlərində isə - OLDUĞU KİMİ QALIB
Nazim Əliyev Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri və 2001-ci ildə təsis yığıncağının sədri olub, uzun müddəti “Finka Azərbaycan”da rəhbərlikdə təmsil olunub, hazırda “Nazim Əliyev Biznes Təlimləri” xidmətinin təsisçisi və direktorudur.
Cəlal Əliyev Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədridir. Cəlal Əliyev hələ Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis yığıncağından sonra təşkilatın rəsmi dövlət qeydiyyatına alınması prosesini idarə edib, 2004-cü ildə qeydiyyatdan keçdikdən sonra 2008-ci ilədək ilk sədri olub, Assosiasiyanın strukturlarının formalaşmasına rəhbərlik edib. 2019-cu ilin sentyabr ayında keçirilən ümumi yığıncaqda yenidən sədr seçilib.
FED.AZ: Bu söhbətimizdə biz istərdik ki, əsasən bank olmayan kredit təşkilatlarının fəaliyyəti, hədəfləri, çətinlikləri, mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığı və buna mane olan məsələlərdən danışaq.
Cəlal Əliyev: Son 15 ildə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı xeyli proqramlar həyata keçirilsə də 2015-ci ilin fevral ayında baş vermiş devalvasiyadan və dekabr ayında Azərbaycan manatının üzən məzənnə rejiminə keçməsi haqqında qərardan sonra hələ xeyli işlərin, xüsusən iqtisadiyyatın diversifikasiya olunması ilə bağlı işlərin görülməli olduğu aydın oldu və bu məsələlərlə bağlı işlər başladı. Son 5 ildə xeyli işlər də görülmüşdür və görülməkdədir. Azərbaycan Respublikasının Prezidentinin verdiyi müvafiq qərarlar, Strateji yol xəritələrinin hazırlanması, KOBİA, ABAD, ASANFİNAS və digər qurumların və xidmətlərin yaradılması, Vergi Məcəlləsinə olan dəyişiklikləri və digər addımları qeyd etmək olar. Həmçinin, aydın oldu ki, ölkənin maliyyə bazarlarının subyektlərini də xarici şoklara qarşı daha etibarlı sığorta etmək lazımdır. Ona görə də görüləcək işlərdən biri də qısaca desək maliyyə bazarlarında və onların iştirakçılarında (əsasən, bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı) sağlamlaşma işlərinin gücləndirilməsi ilə bağlı qərarlar oldu. Belə qərarlar və dəyişiklilər mikromaliyyə sektorunun da fəaliyyətinə təsirsiz ötüşmür. Belə addımlardan biri də kreditlərin verilməsi ilə bağlı tələblərin sərtləşdirilməsi oldu.
Eləcə də bax: "Banka gəlməyən müştərilərə də - BÖYÜK MƏBLƏĞDƏ KREDİT VERİRİK" - MÜSAHİBƏ
Kreditlərin verilməsi tələbləri ilə bağlı bəzi tənzimləyici addımlar hələ devalvasiyadan əvvəl atılmağa başlamışdı. Bunlardan faiz dərəcələrinin yuxarı həddi, kredit götürən borclunun gəlirlərinin identifikasiyası ilə bağlı tələbləri qeyd etmək olar.
Lakin görülən tədbirlər, bir tərəfdən maliyyə bazarlarının sağlamlaşdırılmasına hədəflənmiş olsa da, digər tərəfdən kreditlərə çıxışın məhdudlaşmasına da səbəb oldu. Xüsusən, az təminatlı, əmək haqqı formasında gəliri olmayan, kiçik və orta sahibkarlıqla məşğul olan insanların maliyyəyə çıxışının məhdudlaşması daha diqqət çəkən məqamdır və bu vəziyyət indi də qalmaqdadır.
Bir tərəfdən kreditlərin verilməsi ilə bağlı tələblər və inzibatçılıq sərtləşdikcə, digər istiqamətdə - sahibkarlıq fəaliyyətinin və gəlirlərin şəffaflaşması getmədikcə maliyyə əlçatanlığı daha da çətinləşəcəkdir. Bu isə öz növbəsində qeyri-formal maliyyə xidmətlərinin yaranmasına, gizli məşğulluq və digər problemlərə səbəb olacaqdır.
Məsələ ondan ibarətdir ki, tənzimləyici qurumlar tərəfindən verilən qərarlarda, o cümlədən, kreditlərin verilməsi ilə bağlı tələblərdə haqlı və vacib məsələlər qoyulmuşdur. Məsələn, sahibkarlıq fəaliyyətinin və gəlirlərin müvafiq identifikasiyasının, vergi qeydiyyatının, xüsusi icazə, sertifikatlaşdırma tələb edildiyi halda müvafiq icazə, lisenziya və sertifikatların mövcudluğu, rəsmi bəyan edilən gəlirlərə əsaslanaraq kredit məbləğlərinin müəyyən edilməsi, kreditin məbləğinin müəyyən edilməsi zamanı borc götürənin gəlirlərinə adekvat olması kimi tələbləri xüsusi qeyd etmək lazımdır.
Eləcə də bax: «Şərikli biznesdirsə, əvvəl-axır dağılacaq» - MÜSAHİBƏ
Lakin durum bundan ibarətdir ki, Azərbaycanda həm vergi qeydiyyatında olmayan tam formalaşmamış mikro və kiçik sahibkarlıq subyektləri, həm də formal qeydiyyatı olsa belə, gəlirlərini şəffaf bəyan etməyən sahibkarlıq subyektləri az deyildir.
Nazim Əliyev: Qeyd etmək lazımdır ki, mövcud bank xidmətlərinə çıxa bilməyən mikro və kiçik sahibkarların və ev təsərrüfatlarının sayı hələ də çoxdur. Bunu əngəlləyən başlıca iki səbəb vardır:
- Birincisi, onların böyük əksəriyyəti tam formalaşmamış sahibkarlıq subyektləridir. Tam formlaşmamış dedikdə, onların fəaliyyətləri müxtəlifdir, olduqca cevikdir, fəaliyyət göstərdikləri istiqamətlər tez dəyişəndir, bəzən qısa müddətlidir, əsasən xammal şəkilində əmtəələrin satışı və ya ev şəraitində olan istehsaldır.
Digər tərəfdən belə fəaliyyəti olanlar vergi və digər hesabatları verməkdə çətinlik çəkdiklərindən vergi qeydiyyatında olmaqdan qaçırlar. Həmçinin, belə mikro fəaliyyətlə məşğul olan insanlar vergi orqanları üçün prioritet olmadığından onlar qeydiyyat olmadan da fəaliyyət göstərə bilirlər. Belə faəliyyətin vergi orqanları tərəfindən izlənməsi də çox bahalı bir proses olardı. Ona görə də bu qəbildən olan fəaliyyətlərlə məşğul olan insanların hələ formalaşmamış sahibkarlıq fəaliyyəti kimi qəbul etmək daha rahat olar və onlara uyğun olan çox asanlaşdırılmış vergi rejimi tətbiq etmək mümkündür.
- İkinci bir məsələ isə adı gedən formalaşmamış sahibkarların bank xidmətlərindən yararlanmaq üçün dəyərli girovlarının və yuxarıda izah etdiyimiz kimi səbəblərə görə biznes fəaliyyətlərinin davamlı maliyyə hesababtlarının olmaması əngəlləyir.
Bu qeyd edilənlərdən irəli gələn bir dilemma formalaşır: bir tərəfdən özünü işlə təmin edə bilən, lakin tam formalaşmamış sahibkarlar, o biri tərəfdə onlara xidmət göstərmək istəyən, lakin fəaliyyətin uçotu və rəsmi bəyan olunan gəlirlərin nəzərə alınması kimi tələblərlə qarşılaşan və buna görə də belə sahibkarlara kredit təklif edə bilməyən maliyyə qurumları (bank, BOKT), üçüncü tərəfdə isə bu prudensial qaydaları müəyyən edən maliyyə tənzimləyiciləri.
Hazırkı yanaşmalarda ən böyük çatışmazlıq ondan ibarətdir ki, Azərbaycanda hər növ biznes tam hazır və rəsmi bir biznes kimi təsəvvür olunur. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu heç inkişaf etmiş ölkələrdə də belə deyildir. İqtisadi aktiv adamlar öz dolanışıqlarını təmin etmək üçün biznes fəaliyyətinə başlayırlar və onların bütöv bir biznes olması hər bir sahibkarın vəziyyətindən asılı olaraq illər çəkə bilər.
Bu formada olan bizneslərə banklar xidmət edə bilmirlər. Məhz bu iş mikromaliyyə təşkilatlarının işidir. “Mikromalyyə” terminindəki “mikro” hissəciyi bu sektorun və bu xidmətlərin əhəmiyyətini azaltmamalıdır. Mikromaliyyənin iqtisadiyyatda rolu mikro və kiçik bizneslerin, ailə kəndli təsərrüfatlarının, ev təsərrüfatlarının, mikro fermerlərin əllərini maliyyə xidmətlərinə çatdıraraq onların böyüməsinə təkan verməkdir.
Bu xırda sahibkarlar və bizneslər genişləndikdən və özlərinə əsas vəsaitlər yaratdıqdan sonra onlar seçim edə bilirlər və əksar hallarda orta və böyük ölçüyə çatmış sahibkarlar banklara üz tuturlar. Bu proses 1996-2008 illərdə Azərbaycanda da belə inkşaf edirdi. Təəssüflər olsun ki, sonrakı illərdə bank olmayan kredit təşkilatlarına da komersiya bankları kimi yanaşma qoyulmağa və onlara da kreditləşdirmə ilə bağlı sərt tələblər müəyyən edilməyə başladı.
Bank və mikromaliyyə qurumlarının məqsədləri fərqli olduqlarından bu institutlara tənzimləmə prosesində eyni yanaşma qoyulmaması lazımdır. Kommersiya banklarının iqtisadiyyatda rolu başqadır və onların məqsədləri də daha çox iqisadiyyatın maliyyə dövrüyyəsinin səmərəli idarə olunmasını təşkil etmək və mənfəət əldə etməkdir. Lakin mikromaliyyənin məqsədi iş yeri yartmaqdır. İş yeri yaratmaq deyərkən mikromaliyyə institutunun işçi götürməsi deyil, insanların özlərinə iş yeri və gəlir yaratma fəaliyyəti yaratmalarına dəstək olmaqdır.
Heç kimə sirr deyil ki, kreditə çıxışda ən vacib məsələlərdən biri girov təminatı faktorudur. Dəyərli girovu olmayan iqdisadi aktiv kişi və qadınlara, gənclərə öz işlərini qurmağa və bu işi böyütməyə dəstək verməkdir. Mikromaliyyə qrumları bu işi görməyi bacarırlar. Mikromaliyyə dünyada bu zərurətdən yaranmışdır
FED.AZ: Sizcə kredit verilməsi ilə bağlı banklara qarşı tətbiq olunan tələblərin BOKT-lara da şamil edilməsi nə qədər düzgündür?
Cəlal Əliyev: Bu çox vacib məqamdır. Kredit xidməti göstərən maliyyə institutlarına müvafiq tələblər müəyyən edilərkən nəzərə alınması vacib olan digər məsələ də bu qurumların sistem üçün yaratdıqları risklərin səviyyəsidir. Əgər maliyyə qurumu əhalidən depozit cəlb edirsə, əmanət və cari hesablara xidmət göstərirsə, bu halda onların prudensial tənzimlənməsi, ayrıca olaraq kredit siyasətləri ilə bağlı tələblərin sərt olması başa düşüləndir. Məlum olduğu kimi, Azərbaycanda bank olmayan kredit təşkilatlarının əhalidən depozitlər qəbul etməsi qanunla qadağan olunduğundan BOKT-lər əmanətlərin idarə edilməsi ilə bağlı risk yaradıcı qurum deyildirlər. Həmçinin, bank olmayan kredit təşkilatlarına hesablaşma-kassa xidmətləri, pul köçürmə xidmətləri göstərməkləri də qadağan edildiyindən, deməli bu təşkilatlarda vətəndaşların cari hesabları və hesab qalıqları da olmadığından belə vəsaitlərlə bağlı da risklər mövcud deyildir. Bank olmayan kredit təşkilatları əsasən öz təsisçilərinin (səhmdarlarının) və investorlarının vəsaitləri ilə kreditləşdirmə həyata keçirirlər. Qeyd edilənlər nəzərə alınarsa, bank olmayan kredit təşkilatlarının hələ tam formalaşmamış və ya formalaşmasının ilk mərhələsində olan, dayanıqlı olmayan sahibkarlıq subyektlərinə kreditlər verməsi sistem əhəmiyyətli ciddi risklər yaratmayacaqdır.
FED.AZ: Azərbaycanda kommersiya bankları da mikrokreditlər verirlər. Bu rəqabət mühitinə necə təsir edir?
Nazim Əliyev: Azərbaycanda kommersiya banklarının mikrokreditlər verməsi təqdirəlayiqdir və bunun mikromaliyə inistitutlarına heç bir maneçiliyi yoxdur.
Kommerisiya banklarının rolu əsasən artıq formalaşmış sahibkarları və ümumiyyətlə iqtisadiyyatın sektorlarını maliyyələşdrməkdən ibarət ola bilər. Mikromaliyyə və bankların rolu bir-birinin əksi deyildir. Mikromaliyyə institutları banklar üçün sahibkarlar formalaşdırır və bir birini tamamlayırlar. 1996–2008 illərdə bu proses məhz belə getmişdir. Sonrakı illərdə mikromaliyyə qurumlarına banklara tətbiq olunan tələblər və qanunvericilik tətbiq olunduqdan sonra mikromaliyyənin formalaşmamış sahibkarlıq subyektlərinə çıxışları getdikcə məhdudlaşmağa başladı. Mikroiqtisadiyyatı inkişaf etdirmək istəyiriksə, onda mikromaliyyəyə xüsusi diqqət veriməli və bu qurumlar, milyonlarla əsas vəsaiti və çeşidli xidmət imkanları olan banklarla eyni tərzdə tənzimlənməməlidirlər.
Bunların arasında rəqabət yalnız kiçik bizneslərin artıq formalaşmış hissəsində ola bilər. Çünki tam formalaşmamış sahibkarlar böyüdükcə, stabil müştəri topladıqca brend formlaşdırmaq məcburiyyətindədirlər. Mikromaliyyə qurumlarından aldıqları kreditlər hesabına inkişaf etdikcə elə bir mərhələyə çatacaqlar ki, bank hesabı açmaq, ödəniş etmək və köçürmələrlə vəsait qəbul etmək və göndərmək ehtiyacları yaranacaqdır və bu zaman artıq sahibkarlar mikromaliyyə institutlarından banklara keçmək məcburiyyətində qalacaqlar. Yalnız bu son addımda mikromaliyyə qrumları və banklar arasında hər hansısa rəqabət olar bilər. Digər aşağı seqmentlərdə banklar üçün bazar sayılmır və göstərilən iki obyektiv səbəbə görə olmayacaqdır.
Bank olmayan kredit təşkilatlarını milyonlarla əsas kapitalı olan və diqqətləri bütün iqtisadiyyata yönəlməli olan banklar kimi iri maliyyə qurumları ilə eyni tutaraq eyni tənzimləyici normaları tətbiq etmək doğru deyildir. İnsanların vergi ödəyəcisi olmasına onların maliyyə əlçatanlığını məhdudlaşdırmaqla deyil, digər yollarla nail olmaq lazımdır. Bu insanlar çox kiçik işlər görürülər, onlar öz qayğıları ilə məşquldurlar, onlar kifayət qədər maliyyə savadlığına malik deyillər. Kommersiya bankları üçün isə bu tənzimlənmə tələbləri başa düşüləndir, çünki əvvəla onlar depozitləri, cari hesablarda olan vəsaitləri idarə edirlər, dövlət fondlarından cəlb edilmiş vəsaitlərlə işləyirlər, başqa bir tərəfdən də artıq formalaşmış sahibkarlarla işləməlidirlər.
FED.AZ: Görülməli xeyli işlər var. Bəs onda siz bu məsələlərin həlli yollarını necə görürüsünüz?
Cəlal Əliyev: Hesab edirik ki, ilk öncə hələ başlanğıc mərhələsində olan, az gəlir yaradan, tam formalaşmamış fəaliyyətlərə vergi mənbəyi kimi deyil, özünü işlə təmin edən, özünə iş yeri yaradan fəaliyyət kimi baxmaq lazımdır. “Vergi mənbəyi kimi baxılmasın” o demək deyil ki, bu fəaliyyətlər vergi qeydiyyatında olmamalıdr. Biz hətta onu da demirik ki, bu fəaliyyətlər vergi ödəməkdən azad edilsinlər. Kölgə iqtisadiyyatının aradan qaldırılması, gəlirlərin şəfaflaşdırılması, ölkədə yaradılan ümumi daxili məhsulun dəqiq dəyərləndirilməsi, büdcəyə vergi daxilolmalarının artması kimi məqsədlərə nail olmaq üçün sahibkarlıq subyektlərinin vergi qeydiyyatı və vergi hesabatlığı vacib məsələdir. Lakin dediyimiz odur ki, bir tərəfdən bu şəxslərin vergi ilə münasibətləri o qədər asanlaşdırılmalıdır ki, onların “vergi qorxusu” aradan qalxsın. Digər tərəfdən də mikromaliyyə institutlarının bu şəxslərə çıxışı üçün prudensial tənzimləmələr sadələşdirilsin. Bunun üçün, aşağıdakıları təklif edirik:
(1) bütün ailə kəndli təsərrüfatları, hətta deyərdim ki, pay torpağı olan şəxslər belə avtomatik olaraq vergi qeydiyyatına alınsınlar, baxmayaraq ki, ailə kəndli təsərrüfatları sahibkarlıq subyekti hesab edilmir, kənd təsərrüfatı fəaliyyəti isə vergidən azaddır. Vergidən azad olunub-olunmamasından asılı olmayaraq bütün subyektlərin vergi qeydiyyatı və hesabatlı olması vacib məsələdir.
(2) hələ tam formalaşmamış mikro bizneslərin vergi qeydiyyatı, ən əsası isə vergi və digər hesabatları onların maliyyə savadlığı nəzərə alınmaqla kifayət qədər sadələşdirilsin. O qədər sadələşdirilsin ki, vergi qeydiyyatında olan subyekt bir neçə əsas məlumatı daxil etməklə kifayətlənsin və sistem özü hesabatı, ödənməli olan vergini çıxarsın.
(3) vergi qeydiyyatında olan şəxslərə, eləcə də bundan sonra vergi qeydiyyatı (VÖEN) üçün müraciət edəcək şəxslərə, fərdi sahibkarlara avtomatik sahibkarlıq fəaliyyəti üçün bank hesabı açılsın. Bunun üçün vergi qeydiyyatına müraciət edərkən hansı bankın xidmətindən istifadə edəcəyini müraciətçi özü seçsin, vergi qeydiyyatı zamanı bank hesabı açmaq üçün tələb olunan məlumatları da bəyan etsin, gərəkən sənədləri imzalasın. Bundan sonra, vergi qurumu aidiyyatı sənəd və məlumatları müvafiq banka yönəltsin və həmin bankda VÖEN sahibi üçün avtomatik olaraq sahibkar hesabı dediyimiz bank hesab açılsın.
(4) bütün vergi ödəyicilərinin elektron arayışlarını almaq mümkün olsun, necə ki, hazırda əmək müqaviləsi olan şəxslərlə bağlı belə elektron arayışlar almaq mümkündür. Bu elektron arayışlarda vergi ödənişləri, dövriyyəsi, formalaşdırdığı gəlirlər və kredit haqqında qərar qəbul etməyə kömək edəcək digər məlumatlar da öz əksini tapsın. Kredit təşkilatı belə məlumatları elektron formada əldə edərsə, kreditləşdirmə xərcləri azalar, faizlərin endirilməsinə təsir edər, kredit verilməsi prosesi sürətlənər.
(5) maliyyə xidməti göstərən qurumların – bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, lombardların, lizinq şirkətlərinin iqtisadiyyatda rolu və funksiyaları onların daşıdıqları və yaratdıqları risklər nəzərə alınmaqla yenidən müəyyən edilə bilər. Prudensial tənzimləmə tələbləri maliyyə xidməti göstərən qurumların daşıdıqları və yaratdıqları risklər nəzərə alınmaqla müəyyən edilə bilər. Sistem üçün az riskli maliyyə təşkilatlarına olan prudensial tələblər daha yüngül ola bilər ki, onlar yuxarıda qeyd etdiyimiz kimi formalaşmaqda olan mikro sahibklarlıq subyektlərinə xidmət göstərə bilsinlər. Çünki, belə sahibkarlıq subyektlərinə kreditlər vermək daha risklidir, lakin o sahibkarların da maliyyəyə çıxışı olmalıdır ki, öz bizneslərini inkişaf etdirə bilsinlər.
Nazim Əliyev: Cəlal müəllimdən fərqli olaraq mən hesab edirəm ki, hələ tam formalaşmamış mikro bizneslərə yanaşmada vergi tətbiq edilməyə də bilər. Çünki ilk mərhələdə bu şəxslərin əsas məqsədi öz dolanışıqlarını təmin etməkdir. Onların biznesləri inkişaf etdikcə vergi tətbiqi başlaya bilər. Digər məsələlərdə isə qeyd edilən təklifləri bölüşürəm.
Əgər biz sahibkarlıq kreditlərinin artmasını istəyiriksə, bu kreditlərin verilməsi ilə bağlı prudensial tələbləri yüngülləşdirmək lazımdır. Məsələn, maliyyə qurumu əhalinin depositi ilə işləmirsə, hesablaşma-kassa xidməti yoxdursa, cari hesablarla işləmirsə, pul köçürmə xidmətləri yoxdursa, onda kreditlərin verilməsi ilə bağlı tələblər, borclunun gəlirlərinin kreditə nisbəti, ehtiyatların yaradılması və digər bu kimi tələblər qoyulmaya bilər.
Mikromaliyyə təşkilatları bu kateqoriyadan olan maliyyə institutlarıdırlar. Maliyyə qurumu tutaq ki, yalnız istiqrazlar vasitəsi ilə vəsait cəlb etmişdirsə, müəyyən səviyyədə prudensial tələblər qoyula bilər. Əgər maliyyə institutunda əhalinin depositi, hesablaşma-kassa xidməti, cari hesablarla iş, pul köçürmələri xidmətləri, istiqrazlar vasitəsi ilə vəsait cəlb edilməsi varsa, onda qeyd edilən tələblər də buna adekvat olaraq daha möhkəm qoyula bilər.
Hesab edirik ki, risk əsaslı yanaşma maliyyə institutlarının sahibkarlıq fəaliyyətlərini kreditləşdirmələri üçün kanalları genişləndirəcəkdir.