Səhmdar payında ciddi dəyişiklik baş verən “Unibank” ASC pərakəndə bank bazarında xüsusi paya malikdir. Ona görə də istehlak kreditlərinin verilməsinə qoyulan sərt tələblərin “Unibank”ın portfelinə necə təsir göstərəcəyi, restruktrizasiyanın aparılmasındakı çətinliklər barədə sualları “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb. FED.az mesahibəni təqdim edir.
- Faiq müəllim, son dəyişikliklərdən sonra səhmdar paketində xarici investisiyanın payı neçə faizə düşdü?
Eləcə də bax: Banklardan narazıdır: «İstehlak kreditlərinə meyllənirlər, real sektora dəstək göstərmirlər»
- Hazırda yeganə xarici səhmdarımız EBRD-dir və səhm paketində 9 faiz paya malikdir. Bizim xarici səhmdarımız kimi, deyə bilərəm ki, EBRD bankımıza böyük dəstək göstərdi, payını artıraraq, çətin dövrlərdə həmin mərhələni zərbəsiz keçirməyimizə imkan yaratdı. Artıq bankın vəziyyəti kifayət qədər möhkəmdir, qənaətbəxşdir, yaxşıdır. Xüsusi vurğulamaq istərdim, bu populizm deyil, məhz cənab prezidentin “problemli kreditlər”lə bağlı məlum fərmanı nəticəsində bizim bankımızda da kifayət qədər likvidlik yarandı. Bu isə imkan verir ki, EBRD mandatına görə payını azaldaraq, addımbaaddım bazardan çıxmaq planını icra etsin. Yeni səhmdar isə gəlməyib, Eldar Qəribovun payı artıb.
...“Qar Topu”nu yenidən yaşamayaq
- Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri ilə bağlı məhdudlaşdırıcı şərtlər ortaya qoydu. Məlumdur ki, “Unibank” pərakəndə bank bazarında xüsusi paya malikdir, ona görə soruşmaq istərdik, bu, bankın kredit portfelinə necə təsir edəcək?
- Çox yaxşı sualdır. İlk növbədə qeyd edim ki, bir neçə illər ərzində istehlak kreditləri bizim bankımızın kredit portfelində mühüm hissəni təşkil edirdi. Artıq bankımız kreditləşmənin yeni aktiv fazasını keçib, hazırda 3 istiqamətdə faliyyətini davam etdirir. Bunlar KOS, mikro sahibkarlar və pərakəndə bank xidmətləridir. Devalvasiyadan əvvəlki illərdə kredit portfelimizdə istehlak kreditlərinin payı 80 faizdən yuxarı idisə, hazırda bu trend 60%-ə yaxındır. Növbəti 3 illik strategiyamızda KOS və mikro kredit bazarını əhatə etməyə daha çox diqqət ayırmışıq. İstehlak kreditləri üzrə son məhdudlaşdırıcı şərtlərə gəlincə, məncə bu bir az diskusiya predmetidir.
Dünya təcrübəsinə baxsaq, aparıcı G20 ölkələrində istehlak kreditlərinin payına düşən məbləğ ÜDM-yə nisbətdə 100 faizdən çoxdur. Qonşu Rusiyada bu rəqəm 15.5-15.6 faizdir. Bizdə isə cəmi 7 faiz təşkil edir. Yəni bizdə kifayət qədər ehtiyat limiti mövcuddur. Mən başa düşürəm, tənzimləyici orqan və dövlət ehtiyat edir ki, 2015-ci ildə baş vermiş “Qar Topu”nu yenidən yaşamayaq. Amma onu da unutmayaq ki, son iki ildə istehlak kreditlərinin verilməsi sahəsində tənzimləmələr kifayət qədər sərtləşdirilib. Atılmış həmin addımları mən alqışlayıram, çünki insanın iş yeri, aldığı əmək haqqı, gəliri-xərci hesablanaraq ona müvafiq borc verilməldir, əhalinin istehlak qabiliyyəti düzgün qiymətləndirilməlidir. Eyni zamandahesab edirəm ki, istehlak kreditlərinin məhdudlaşdırılması, hər bir ölkə, xüsusən də bizdə qeyri-neft sektorunun inkişafına təsir göstərəcək.
- Yəqin ki, mənfi..
- Ağlabatan qədər sərtləşdirmə bir tərəfdən, maarifləndirmə tədbirləri ikinci tərəfdən varsa, deməli bu məhdudlaşdırma da müəyyən qədər olmalıdır. İstehlak kreditlərinin məhdudlaşdırılması əslində qeyri-neft sektorunun inkişafını əvəzləşdirmir, çünki onlar bir-birilə konfliktdə olan sahələr deyil. Bu gün kiminsə lazımınca gəliri varsa, bank ona müəyyən qədər istehlak kredit verməklə şərait yaradır ki, həmin şəxs yerli ticarət və ya iaşə obyektində bu pulları xərcləyərək dövriyyə yaratsın. Vurğulamaq istərdim ki, ilin əvvəlindən banklar iqtisadiyyata 7 milyard manat kredit qoyuluşu edib. Bunun 3,8 milyard manatı biznes sahələrinə verilib, yəni həmin pullar qeyri-istehlak sektoruna yönəldilib. Bu isə faizlə ifadədə 55 faiz deməkdir. Demək istəyirəm ki, qeyri-neft sektorunun maliyyələşdirilməsi trendi müsbətdir və davam edir. Şəxsi fikrimcə, həddindən artıq istehlak kreditlərinin məhdudlaşdırılması...
- Bank sektorunun gəlirliyinə mənfi təsir edəcək...
- Bəli, bu öz yerində. Eyni zamanda iqtisadi düşüncə ilə yanaşsaq, Azərbaycanda iqtisadiyyatın strukturu məlumdur, bütün banklar iqtisadiyyata gedən pulları məhdudlaşdırsalar, dövriyyə azalacaq. Yenə qeyd edirəm ki, bu mənim şəxsi fikrimdir.
- Xatırladım ki, bir müddət əvvəl banklar avtomobil kreditlərinin şərtlərinin yumşaldılması ilə bağlı təkliflərlə çıxış edirdilər və belə bir vaxtda əksinə istehlak kreditlərinin şərtləri daha da sərtləşdirildi.
- Firkiləşirəm ki, bizim ölkəmizin qeyri-neft sektorunda idxalın və idxalla bağlı sahələrin həcmi böyükdür və hələ bir müddət bu amil özünü göstərəcək. İdxalı əvəzləşdirmə strategiyası üzərində iş gedir və sözsüz ki, bu bizim ölkəmizə çox lazımdır.
Bu gün bazarda banklar hər müştəri uğrunda mübarizə aparır
- Faiq müəllim, kreditləşmədə banklar və sahibkarlar arasında qarşılıqlı ittihamlara rast gəlirik. Biznesmen deyir ki, kredit ala bilmirəm, banklar da qarşılıqlı arqument irəli sürürlər ki, kredit verməyə şəffaf, dayanıqlı, normal işini quran biznes tapa bilmirik. Maraqlıdır ki, əgər bank likviddirsə, vəsaiti varsa, niyə verməsin ki?!
- Mən sizi məmnuniyyətlə, banka işləməyə götürərdim (gülür), bu iradları eşidirik. Bir düşünün, bank pul satır, mənim yanıma layiqli, normal performansı, girovu, biznes planı olan, şəffaf işləyən müştəri gəlib, mən ona niyə pul verməyim? Axı bu pul mənim üçün maldır, hansı ki, onu satıb gəlir götürürəm. Kredit almaq mümkün deyil, kimi səslənən fikirləri ala bilməyən deyir. Bəs niyə ala bilmir, ona görə ki, ya şirkətin durumu qənaətbəxş deyil, girov təminatı zəifdir və ya biznes planı məntiqsizdir. Bu gün bazarda banklar hər müştəri uğrunda mübarizə aparır. Bizdən kredit istəyib ala bilməyən mənimlə bərabər otursun və səbəbləri müzakirə edək, bundan sonra siz deyərsiz mənim yerimdə olsanız ona kredit verərdinizmi? Bizim əksinə, xüsusi ixtsaslaşmış departamentimiz var ki, kredit satmağa müştəri axtarmaqla məşğuldur.
- Biznes kreditləri ilə bağlı faizlər haqqında nə deyə bilərsiz?
Eləcə də bax: Elvin Tahirov: «Xanımlar pullarını kişilərdən daha yaxşı xərcləyir» – MÜSAHİBƏ
- Bilirsiniz ki, satış faizi alış faizinə bağlıdır. Yəni depozit dərəcələri ilə kredit faizlərinə baxaq. Bu gün manatla 12-14 faiz arasında biznes krediti almaq olur, bu daha çox şirkətin durumundan, risklərdən asılıdır.
Fərmanın müddəti dekabrın 31-də bitir, tələsin
- Hazırda banklarda restruktrizasiya mərhələsidir. İnsanlar problemli kreditlərlə bağlı fərmanın birinci mərhələsində olduğu kimi, yenə aktivdirlərmi?
- Əfsuslar olsun ki, restruktrizasiyada o qədər ciddi aktivlik görünmür. Hər vasitə ilə müştərilərlə əlaqə saxlayırıq, elanlar yerləşdirmişik ki, fərmanın müddəti dekabrın 31-də bitir, tələsin, gəlin yeni rahat şərtlərlə restruktrizasiya edin. Amma fərmanın birinci bəndindən fərqli olaraq burada axı nağd pul alan yoxdur. Nağd pulu almaq üçün 100 kilometrlərlə məsafə qət edənlər vardı. Restruktrizasiya sadəcə vətəndaşın borcunun daha yumşaq şərtlərlə əvəzləşdirilməsidir. Üstəlik bəziləri bu şərtlərə düşsə də yenə də ödəmə qabiliyyəti yoxdur. Fikirləşir ki, onsuz da ödəmirəm, niyə gedib restruktrizasiya edim? Əslində fərman buna hədəflənib ki, əhali öz borc yükünü azaltsın.
- Ümidsiz kreditlərdə dediyiniz pay çoxmu böyükdür?
- Fərmandan sonra xeyli azalıb. Bütün bank sektorunda kredit portfelinin sağlamlaşdırılmasında böyük proqres müşahidə olunur.
@ENA.az