Son illər Azərbaycanda brend adları və ticarət nişanları üstündə mübahisələrin sayı artmaqdadır.
«Az Estetik Group» başqa şirkətin əmtəə nişanından istifadə etməkdə günahlandırılır - İŞ QALDIRILDI
Əvvəllər daha çox yanacaq doldurma məntəqələri arasında baş verən mübahisələr indi daha geniş sahələrə yayılıb.
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti martan 1-də «Robinzon and Friday» MMC-nin (şirkətin adı məşhur personajlar Robinzon və Cümə ilə bağlıdır) fiziki şəxs olan sahibkar Emil Sultanova qarşı iddiasını araşdırıb.
Şikayət “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri əsasında icraaata götürülüb və martın 1-də araşdırılıb.
Bu maddələr (1) eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi və (2) əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsidir.
FED.az-ın kiçik araşdırmasında məlum olub ki, «Ay Gonshu» restoranının sahibi olan «Robinzon and Friday» MMC şirkəti qarşı tərəfi «Gonshu» adını istifadə etməsindən narazıdır.
Qeyd edək ki, «Robinzon and Friday» MMC (VÖEN: 1502797011) 2015-ci ildə yaradılıb, hüquqi ünvanı Baki Şəhəri Nərimanov Rayonu, Əliyar Əliyev, ev 26, məhəllə 1956-1989, m. 826-də yerləşir, qanuni təmsilçisi isə Ülviyyə Mahmud Rafiq qızıdır.
Hələlik xidmət araşdırmanın nəticəsini elan etməsə də, qarşı tərəf – keçmiş «Gonshu» restoranının (bəli, artıqkeçmiş) nümaynədəsi FED.az-a bildirib ki, «Ay Gonshu» tərəfindən adla bağlı şikayət bir qədər əvvəl səsləndirilib, qarşı tərəf hətta məhkəməyə müraciət edib. Restoran nümaynədələri bu iddianı ədalətsiz sayırlar: «Əslində restoranların adı fərqli idi, onlarda «Ay qonşu», bizdə isə «Qonşu», üstəlik şriftlər də fərqli idi». Buna baxmayaraq, şikayət edilən tərəf mübahisə etməməyi qərara alıb və rebrendinq edərək restoranın adını dəyişib, «Aynəbənd» brendini götürüb.