Füzuli-Şuşa avtomobil yolunun bir hissəsini, eləcə də Füzuli beynəlxalq hava limanını inşa edən “AzVirt” MMC 2020-ci ili 3,063 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: AzVirt: Qarabağda - 3 Beynəlxalq Aeroport Tikiləcək
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki bu, 2019-cu ilə nisbətən 5,1 dəfə çoxdur.
Ötən il “AzVirt”in tikinti işlərindən gəlirləri 354,756 milyon manat (67% çox), işlərinin maya dəyəri 317,707 milyon manat (74,7% çox), ümumi və inzibati xərcləri 24,845 milyon manat (15,1% çox), ehtimal olunan kreditlər üzrə zərəri 1,645 milyon manat (2,4 dəfə çox), maliyyə gəlirləri 18 min manat (61,7% az), maliyyə xərcləri 5,548 milyon manat (27,6% çox), xarici valyuta mübadiləsi üzrə zərəri 2,937 milyon manat (84,25% çox), əmlak, tikinti və avadanlıqların silinməsi üzrə zərəri 271 min manat (60,15% az), icarə gəlirləri 1,295 milyon manat (7,6 dəfə çox), digər gəlirləri 2,08 min manat (5,2 dəfə çox), digər xərcləri 719 min manat (4,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,414 milyon manat (7,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “AzVirt”in aktivləri 285,152 milyon manat olub ki, bu da illik müqayisədə 43,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 62,4% artaraq 216,695 milyon manata, balans kapitalı isə 4% artaraq 68,457 milyon manata çatıb.
“AzVirt” 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir. (Renkinq)