İnsanların düşündüklərinin əksinə olaraq, biz varlı deyilik.
FED.az xəbər verir ki, bu sözləri Fransanın “Societe Generale” bankının etiraz nümayişinə çıxan əməkdaşları səsləndiriblər. Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) məlumatına görə, 1990-cı ildən bəri ilk dəfə olaraq həmkarlar ittifaqları milli tətil günü elan edib.
Həmkarlar ittifaqları “Société Générale” bankının əməkdaşlarını martın 25-də tətilə çağırıb. İllik maaş danışıqlarının nəticəsiz qalmasından sonra bank qrupunun bütün həmkarlar ittifaqları qrupun mükafatlandırma siyasətini pisləyib. Bank işçiləri son 5 ildə ilk dəfə olaraq rəhbərliyin onlar üçün yetərsiz hesab olunan əməkhaqqı müqaviləsi layihəsini imzalamaqdan imtina ediblər. Maliyyə çətinliklərindən, işin son dərəcə çox olmasından şikayət edən işçilər bankın vəziyyəti yaxşılaşsa da, əməkdaşların haqsızlığa məruz qaldıqlarını bildirir və maaşların artırılmasını tələb edirlər.
Tətilçilər 2024-cü ildə qrupun 4 milyard avro qazanc əldə etdiyini nəzərə alaraq, hazırkı vəziyyəti qəbul etməyin çətin olduğunu vurğulayırlar. Bildirirlər ki, insanların düşündüyünün əksinə olaraq, bank işçilərinin imkanları heç də yaxşı deyil.
2023-cü ildə bu bankın “Crédit du Nord” bankı ilə birləşməsi 3700 iş yerinin ixtisarına və 600 filialın bağlanmasına səbəb olub. Bütün bunlar şirkət daxilində xüsusilə narahat mühit yaradıb (AzərTac).