İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-ə yaxın sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub.
Eləcə də bax: 250-dən çox sahibkarlıq subyektinə ziyan dəyib
KOBİA-dan FED.az-a verilən məlumata görə, müraciətlər əsasən ölkənin 9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edir.
«Ermənistan silahlı qüvvələrinin cəbhəyanı bölgələrlə yanaşı, cəbhədən kənarda yerləşən rayon və şəhərləri atəşə tutması nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyəti ya tamamilə dayanıb, ya da onlar əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər. İlkin hesablamalara görə sahibkarlara dəymiş ziyan milyonlarla manat həcmindədir»-deyə bildirilib.
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi üçün işlər aparılır.