2019-cu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 milyon ABŞ dolları) liderlik edib. FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu ilin ilk 4 ayı üzrə açıqladığı “İxrac İcmalı”na istinadən xəbər verir ki, bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 milyon ABŞ dolları) ikinci və tomat (49,6 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Eləcə də bax: Ramazan bayramında Expressbank-dan - İKİQAT CASHBACK SEVİNCİ! - SİHAYI
Ümumiyyətlə, 2019-cu ilin ilk dörd ayı ərzində meyvə-tərəvəz ixracı 149 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 32 milyon, kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon ABŞ dolları, alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 milyon təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb.
2019-cu ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 167 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 38 milyon ABŞ dolları və ya 29 faiz artıb. Cari ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (49,6 milyon ABŞ dolları), Türkiyəyə (48,6 milyon ABŞ dolları) və Gürcüstana (12 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (24 milyon ABŞ dolları) birinci, daranmaya məruz qalmamış pambıq lifi (20,5 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (15 milyon ABŞ dolları) üçüncü olub.
Ən çox ixrac edilən qeyri-neft mallarının – SİYAHISI DƏYİŞİB
10:54
1 İyun 2019