Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti xarici ölkələrə səfərlər və keçirilən tədbirlər çərçivəsində müxtəlif şirkətlərin, o cümlədən azərbaycanlı iş adamları tərəfindən təsis edilən biznes subyektlərinin fəaliyyəti ilə tanış olur. Məqsəd xarici ölkələrdəki şirkətlərin fəaliyyəti və biznes təcrübəsi ilə yaxından tanış olmaq, əməkdaşlıq üçün onları azərbaycanlı iş adamları ilə əlaqələndirməkdir.
KOBİA-dan FED.az-a bildirilib ki, Dubay şəhərinə səfər çərçivəsində agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov azərbaycanlı iş adamı tərəfindən təsis edilmiş “Eco Garden” şirkətində olub, şirkətin təsisçisi Camal Tağıyev ilə görüşüb. Görüşdə meyvə-tərəvəz idxalı ilə məşğul olan şirkətin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, agentliyin yerli və xarici şirkətlərin əlaqələndirilməsi istiqamətində dəstək və xidmətləri barədə məlumat verilib.