Danimarkanın “Carlsberg Group” pivə istehsalı korporasiyası 2008-ci ildən indiyədək Azərbaycanda 160 mln. manat investisiya yatırıb.
Eləcə də bax: Rusiyada Baltika pivəsinin istehsalı dayandırılır - SANKSİYAYA DÜŞDÜ
FED.az xəbər verir ki, bu barədə “Carlsberg” brendinin yaranmasının 175 illiyinə həsr olunmuş tədbirdə “Carlsberg Azərbaycan” şirkətinin yeni Baş direktoru Alius Antulis jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə imzalanmış memoranduma əsasən, şirkət Azərbaycanda 2025-ci ilədək 25 mln. dollar investisiya yatıracaq. Qeyd olunan vəsait şirkətin ölkədəki portfelinin inkişafına və istehsal zamanı istifadə olunan məhsulların lokallaşdırılmasına yönəldiləcək.
“Hazırda bizim üçün ən vacibi odur ki, bütün məhsullar – xammal və lazımi materiallar Azərbaycanda istehsal olunsun”, - Alius Antulis bildirib.
O əlavə edib ki, hazırda şirkət tərəfindən istehsal olunan xammal və materialların 90%-i Azərbaycanda istehsal olunur və məqsəd 2023-cü ildə bu göstəricini 100%-ə çatdırmaqdır.
Onun sözlərinə görə, “Carlsberg Azərbaycan” şirkətinin ixracla bağlı da böyük planları mövcuddur. Belə ki, şirkətin 2023-cü ildən Gürcüstana ixracın başlanılması ilə konkret planları var: “Bizim strategiyamız – ən yaxınlardan (ölkələrdən – red.) başlayaraq, ixracı inkişaf etdirməkdir”.
İstehsal həcmlərindən söz açan Alius Antulis vurğulayıb ki, gələn il “Carlsberg Azərbaycan” istehsalı 20-25% artırmağı nəzərdə tutur. Bu il şirkət Azərbaycanda 400 min. hektolitr məhsul istehsal etməyə planlaşdırır. (Apa)