Danimarkanın "Carlsberg" pivə şirkəti Rusiyaya yeni sərmayələri, eləcə də "Carlsberg"in digər bölmələrindən məhsulların Rusiyanın "Baltika" şirkətinə ixracını dayandırmaq qərarına gəlib.
Eləcə də bax: Çexiyanın pivə istehsalçıları Rusiyaya pivə ixracını - DAYANDIRDILAR
FED.az xəbər verir ki, bu barədə konsernin cümə günü dərc olunmuş press-relizində deyilir.
"Carlsberg Group Rusiyaya yeni investisiyaları, həmçinin "Carlsberg Group"un digər şirkətlərindən Rusiyadakı "Baltika" şirkətinə məhsulların göndərilməsini dərhal dayandırmaq qərarına gəlib. Biz bütün sanksiyalara əməl edəcəyik və Rusiyadakı biznesimizlə bağlı vəziyyəti qiymətləndirməyə davam edəcəyik", -məlumatda bildirilir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Qeyd edək ki, Azərbaycanda da "Carlsberg Azerbaijan" MMC fəaliyyət göstərir. Şirkətin pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər əməkdaş çalışır, əlaqəli sənayelər (təchizatçılar, pərakəndə satış, otel sektoru) üzrə isə iş yerlərinin sayı 3000-dən çoxdur. Zavodun inkişafına yönəlmiş şirkətin ümumi sərmayəsi təxminən 60 milyon manat təşkil edir. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley's Garage kimi məşhur markalar daxildir. (Marja)