De Beers" şirkəti ABŞ-ın Rusiyanın "Alrosa" şirkətinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra kiçik brilyantların qiymətlərini artırıb.
Eləcə də bax: Dünyada brilyanta tələbat - REKORD HƏDDƏ ÇATIB
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, "De Beers" bu həftə qiymətləri 5-7% qaldırıb. "Alrosa" şirkətinə təbiq edilən sanksiyalara görə məhsullarını bazara çıxarması qabiliyyəti qeyri-müəyyən olaraq qaldığından, sənayedə çatışmazlıq var və qiymətlər artır. Mənbələrin bildirdiyinə görə, qiymət artımından sonra da məhsula tələbat yüksək olaraq qalır.
Aprelin 8-də ABŞ Maliyyə Nazirliyi “Alrosa” qrupuna qarşı sanksiyalar tətbiq edib və amerikalılara onunla mayın 7-dək, onun “Alrosa USA” bölməsi ilə isə iyunun 7-dək əməliyyatları başa çatdırmaq üçün son tarix qoyub. “The Economic Times” xəbər verir ki, məhdudiyyətlər Rusiyadan xammalın tədarükündə fasilələr səbəbindən Hindistanın Surat, Sauraştra və Bhavnaqar (Qucarat) şəhərlərində almazların kəsilməsi və cilalanması müəssisələrinin işinin azalmasına səbəb olub.
"Alrosa" dünyanın üç ən böyük almaz hasilatı şirkətindən biridir. Onun dünya istehsal həcmində payı 25%-dir. Digər 6% "Alrosa"nın 41% payı olduğu Anqolanın "Catoca" şirkətinin payına düşür. Rusiyada şirkət Saxa Respublikasında (Yakutiya) və Arxangelsk vilayətində mədənləri istismar edir.
"De Beers" zərgərlik məhsullarının (nişan və toy üzükləri, brilyant sırğaları və digər dəbdəbəli zinət əşyaları) istehsalı ilə məşğul olur. (Marja)