Böyük Britaniya cümə axşamı Rusiyaya qarşı sanksiyalarını genişləndirərək daha 7 rusiyalını "qara siyahı"ya salıb.
FED.az xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin dərc etdiyi sənədə görə, “Rosneft” şirkətinin rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, "VTB Bank"ın rəhbəri Andrey Kostin, Londonun “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, iş adamı Oleq Deripaska (EN+ Group), "Bank Rossiya"nın Direktorlar Şurasının sədri Dmitri Lebedev və "Transneft"in rəhbəri Nikolay Tokarev məhdudiyyətlərə məruz qalıblar.
Bu şəxslərin hamısının Böyük Britaniya ərazisinə girişi qadağandır, onların ölkədəki aktivləri dondurulur. Onlara həmçinin Britaniyanın fiziki və hüquqi şəxsləri ilə işləmək qadağandır. Bu da Abramoviçin "Chelsea F.C."ni satmasını xeyli çətinləşdirə bilər.
"Böyük Britaniya hökumətinin Putin və onun ətrafını təcrid etmək səylərinin bir hissəsi olaraq, bu oliqarxların Böyük Britaniyadakı ümumi dəyəri təxminən 15 milyard funt-sterlinq olan aktivləri dondurulacaq. Onların bura səyahətləri qadağandır, Britaniya vətəndaşları və ya şirkətlər onlarla iş görə bilməzlər”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. (Marja)