İyunun 16-18-I tarixlərində Bakı şəhərində yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi və konfransı keçiriləcək.
Eləcə də bax: İş adamlarının investisiya layihələrinin qəbulu başlandı - İNVESTORLARA VERİLƏCƏK
FED.az xəbər verir ki, sərgi “Kristal Hall”un zalında keçiriləcək.
Məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən idxal və istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq.
3 gün davam edəcək konfrans hissəsində 2 minə yaxın sahibkarın iştirakı və panel müzakirələr nəzərdə tutulur.
Ümumilikdə, sərgidə 200-ə yaxın şirkətin və 10 min ziyarətçinin iştirakı nəzərdə tutulur. Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Xatırladaq ki, “Partners and Business” sərgi-konfransı 2019 və 2020-ci illərdə keçirilib. (Report)