Məhərrəm və Səfər ayları başa çatdıqdan sonra ölkəmizdə sentyabrın 27-dən etibarən toy məclislərinin keçirilməsinə başlanıldı. Ölkəmizdə davam edən bahalaşma şadlıq sarayları və restoranlardan da yan keçməyib. Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə yüksək olduğu, bu səbəbdən də müraciət edənlərin sayında azalma müşahidə edildiyi bildirilib.
Eləcə də bax: Şadlıq saraylarının hansı xərcləri - Gəlirdən Çıxıla Bilər?
FED.az xəbər verir ki, şadlıq saraylarından birinin səlahiyyətlisi standart menyu tətbiq etmədiklərini bildirib:
“Ölkəmizdə davam edən bahalaşma, əlbəttə ki, şadlıq saraylarına da öz təsirini göstərir. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymət qaldırmırıq. Menyunu yerində danışırıq. Standart qiymət yoxdur. Ortalama 40-45 manatdır. Qiymət ev sahibinə görə müəyyən edilir”.
Səlahiyyətli gediş-gəlişin azlığından şikayətlənib:
“Müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur. Son aylarda gediş-gəliş çox azalıb”.
Digər bir şadlıq sarayı isə minimum menyularının 45 manatdan başladığını söyləyib:
“Qiymətlər çox qalxıb. Biz menyu qiymətlərini artırmamışıq. Müştəri gələndə endirim istəyir. Endirim edəndə də ziyana gedirik. Minimum qiymət 45-dən başlayır. Müəyyən endirimlər olur. Müraciət edənlərin sayında da get-gedə azalma müşahidə olunur. Oktyabr, noyabr və digər aylar çox zəifdir. Halbuki əvvəllər noyabr və dekabrda müraciət edənlər çox olurdu”.
Başqa bir restoran səlahiyyətlisi isə menyunun fərdə görə dəyişdiyini qeyd edib:
“İnsanların müraciəti azalıb. Bu, şübhəsiz ki, belədir. Qiymət artımı yoxdur. Sadəcə olaraq incəliklər var. Biz bir nəfərlik üçün qiyməti 35-40 manat edə bilirik. Amma gərək qonaq sayı 300-350 nəfər olsun ki, biz o toyu edə bilək. Standart menyu qiyməti tətbiq etməmişik. Müştəri ilə danışıb yerindəcə tərtib edirik. Kimsə menyuda fərqli təam istəyirsə, o təamın qiymətini iştirak edən insan sayına görə hesablayıb menyunun üzərinə əlavə edirik. Menyunun tərkibinə görə, qiymətlər müəyyənləşir. Bir qiymət siyasəti aparmırıq. İnsanlara uyğunlaşmağa çalışırıq.
Müraciətlərdə qonaq sayları azalıb. 300 əvəzi 100-150 nəfər gəlir. Bunu da etmək bizə sərf etmir. Çünki işçilərin maaşlarını ödəmək lazımdır. Bizdə qiymətlərdə bahalaşma yoxdur. Çox münasib qiymətlərdir. Minimum 45 manatdır. Noyabr ayı üçün zəiflik var. O da başa düşüləndir. Oktyabr ayında toylar çox olub deyə zəifləyib. Gözləniləndir”.
Restoranlardan biri başlanğıc menyunun 120 manat olduğunu bildirib:
“Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 120 manatdır. Müraciətlər bir qədər azalıb. Amma müraciət edənlər o qədər də az deyil”.
Digər bir şadlıq sarayında isə minimum menyu 70-75 manatdır:
“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.
Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 45 manatdır. 30-35 manata demək olar rast gəlinmədi. (Oxu.az)