Varşavada təşkil olunan konfransda ölkəmizin investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər və xarici investorlar üçün ölkəmizdə yaradılan əlverişli işgüzar mühit barədə məlumat verilib.
Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTOLAR
FED.az xəbər verir ki, Varşava şəhərində Polşa Ticarət Palatasının təşkilatçılığı ilə "Asiya ölkələrində biznesin aparılması – necə uğurlu olmaq" adlı praktiki konfrans keçirilib. Tədbirin əsas məqsədi əlverişli coğrafi mövqeyi, zəngin təbii resursları, Orta Dəhlizdə yerləşməklə nəqliyyat-logistika və tranzit imkanları ilə seçilən Qafqaz və Mərkəzi Asiya ölkələrində biznes imkanları, Polşa şirkətlərinin bu bazarlara ekspansiyası və ikitərəfli işgüzar əlaqələrin qurulması üçün praktiki məsləhətlərin verilməsi olub.
Konfransın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, "Polşa şirkətləri Asiya bazarında: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Hindistan" panelində isə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev, Polşa-Asiya Ticarət Palatasının sədri Yanuş Piexoçinski, Polşa-Qazaxıstan Ticarət Palatasının sədri Piotr Quzovski, Polşa-Hindistan Ticarət Palatasının sədri Cavahar Sinqx, "Beynəlxalq Münasibətlər Mərkəzi" araşdırma mərkəzinin rəhbəri, politoloq və akademik Malqorjata Bonikovska çıxış ediblər.
Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti, ticarət nümayəndəsi aparatının bu istiqamətdə gördüyü işlər, Azərbaycanda xarici investisiya imkanları, o cümlədən xüsusi iqtisadi zonalar və azad olunan ərazilərdə xarici investorlara təklif edilən biznes imkanları barədə məlumat verib. Ticarət nümayəndəsi aparatının Polşa şirkətlərinin Azərbaycandan olan tərəfdaşlarla işgüzar əlaqələrinin inkişafına dəstək göstərməyə hazır olduğu bildirilib.