Azərbaycanın Xəzər dənizindəki əsas limanlarından olan “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarını dəyişəcək.
FED.az xəbər verir ki, bu il oktyabrın 27-də limanın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasının əsas mövzusu ASC-nin səhmdarlarından birinin səhmdarlar sırasından çıxması, onun səhmlərin isə cəmiyyət tərəfindən geri alınmasıdır.
Əlavə məlumat üçün bildirək ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” müxtəlif növ xidmətlər həyata keçirməkdədir. Liman ərazisində quru yüklərin – polad, taxta məmulatları, inşaat materialları, taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınması, yüklənməsi və boşaldılması xidmətləri həyata keçirilir. Liman il ərzində 4.000 ədəd konteyner qəbul etmə, yükləmə və istənilən müddətdə saxlama imkanlarına malikdir.
Liman ərazisində açıq və qapalı tipli anbarlar mövcutdur. Qapalı tipli anbarların sahəsi 13.600 m², açıq tipli anbarların sahəsi 150.000 m²-dir.
Qeyd edək ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 11 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 966 min 434 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Emin Vəliyev Tofiq oğludur. Hüquqi ünvanı AZ1089, Bakı Şəhəri Suraxanı Rayonu, Şakir Ziyadov (Hövsan Qəs.), ev.89 ünvanıdır.
Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” müxtəlif adlarla hələ 1970-ci illərdən fəaliyyətə başlayıb. İlk dəfə bura Bakı Dəniz Balıq Limanı İdarəsi adlanıb, 1971-ci ildə burada Hövsan Konserv Zavodu, 1976-cı ildə isə Bakı Balıq Soyuducu Donanma Bazası yaradılıb. 2001-ci ildə isə Bakı Dəniz Balıq Limanı İdarəsi “Bakı Dəniz Balıq Limanı” ASC-yə çevrilib.
2004-2005-ci illərdə isə bu ərazidəki “Hövsan Balıq Konserv” ASC və “Soyuducu Donanma” ASC də “Bakı Dəniz Balıq Limanı” ASC-nə qoşulub, 2017-ci ildə bütün bu təsərrüfat “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC adlandırılıb.
Limanın ərazisində 2017-ci ildə yaradılmış “Bakı Taxıl Terminalı” da fəaliyyət göstərir. Buradakı çənlərin7 ümumi tutumu 15 min tondur. Terminalın illik dövrüyyəsi isə 500 min tona qədərdir. Terminal Azərbaycanı taxılla təmin etməklə yanaşı, həmçinin, Qazaxıstan taxılının Qafqaz ölkələrinə, Qara dəniz və Avroa ölkələrinə daşınmasına kömək edir.
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC ilkin fəaliyyəti dövründə liman, əsasən, balıq məhsullarının emalı, istehsalı, konservləşdirilməsi və satışını həyata keçirib. 2011-ci ildə Limanın idarəçiliyi “Baku Steel Company” MMC-yə dövr edildikdən sonar burada geniş miqyaslı təmir və yenidənqurma işləri aparılıb, liman ərazisində yeni yanalma körpüsü inşa edilib.
Limandakı köhnə dəmir yolu yenidən qurulub, 900 m uzunluğunda yeni dəmir yolu xətti salınıb, müxtəlif təyinatlı anbarlar tikilib, məhsulların yüklənib boşaldılması üçün ən yeni avadanlıqlar quraşdırılıb.
Hazırda “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” müxtəlif növ xidmətlər həyata keçirməkdədir. Liman ərazisində quru yüklərin – polad, taxta məmulatları, inşaat materialları, taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınması, yüklənməsi və boşaldılması xidmətləri həyata keçirilir. Liman il ərzində 4 000 ədəd konteyner qəbul etmə, yükləmə və istənilən müddətdə saxlama imkanlarına malikdir.
Liman ərazisində açıq və qapalı tipli anbarlar var, qapalı tipli anbarların sahəsi 13 600 m², açıq tipli anbarların sahəsi 150 000 m²-dir.