Azərbaycanda tikinti və quraşdırma sahəsində yeni şirkət yaradılıb.
FED.az xəbər verir ki, “Az İnşaat Holdinq” adlanan şirkət təxminən 3,5 ay əvvəl dövlət qeydiyyatına alınıb və artıq bugünlərdə rəsmi fəaliyyətə başlayıb.
“Az İnşaat Holdinq”in Baş direktoru Fərid Abdullayev Marja-ya bildirdi ki, rəhbərlik etdiyi şirkət tikinti və quraşdırma sahələrində A-dan Z-yədək bütün xidmətləri göstərməyi hədəfləyir:
““Az İnşaat Holdinq” binaların tikintisi, elektrik xətlərinin, su, kanalizasiya, yanğınsöndürmə, havalandırma və lift sistemlərinin quraşdırılması, fasadların üzlənməsi, yolların asfaltlanması, beton işləri və s. işləri yerinə yetirməyə hazırdır. Bunun üçün həm təcrübəyə, həm də maddi resurslara malikik. Artıq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı binasının yeraltı və yerüstü elektrik, su və boru xətlərinin yenidən qurulması şirkətimizə həvalə edilib. Hazırda bir neçə layihələr üzrə müqavilələrin bağlanması üçün də danışıqlar aparırıq”.
500 NƏFƏRİN İŞLƏ TƏMİN OLUNMASI NƏZƏRDƏ TUTULUR
Fərid Abdullayev qeyd etdi ki, “Az İnşaat Holdinq”in fəaliyyətə başlaması artıq onlarla insanın işlə təmin olunmasına səbəb olub. Yaxın gələcəkdə şirkətin işçilərinin sayının 500 nəfərə çatdırılması nəzərdə tutulur.
ŞİRKƏTƏ QARŞIDAKI 4 İLDƏ 50 MİLYON MANAT SƏRMAYƏ YATIRILACAQ
Fərid Abdullayev əlavə etdi ki, “Az İnşaat Holdinq”in nizamnamə kapitalının 2022-ci ilin sonunadək 100 min manata, 2023-cü ilin sonunadək 2 milyon manata, 2025-ci ilin sonunadək isə 50 milyon manata çatdırılması hədəflənir.
“Hədəflərimiz çox böyükdür, tikinti quraşdırma üçün tələb olan bir sıra məhsulların Azərbaycanda istehsalını da planlaşdırırıq”, - Şirkətin Baş direktoru əlavə etdi. (Marja)