Sahibkarların məhsullarının onlayn satışına və tanıdılmasına dəstək məqsədilə yeni onlayn satış platforması – www.kobmarket.az fəaliyyətə başlayıb.
Eləcə də bax: Azərbaycanda ev işləri görənlər üçün – PUL QAZANMAQ İMKANI - YENİ LAYİHƏ
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a verilən məlumata görə, KOBİA-nın dəstəyi ilə yaradılmış portal elektron ticarət konsepsiyası əsasında onlayn-mağaza kimi fəaliyyət göstərir.
Portal əsasən mikro və kiçik biznesin inkişafına dəstək olmaq, KOB subyektlərinin məhsul və xidmətlərinin vahid platforma üzərindən onlayn satışının həyata keçirilməsinə və geniş kütləyə tanıdılmasına dəstək məqsədilə yaradılıb.
Sahibkarlar elektron ticarət portalına qoşulmaqla satış imkanlarını genişləndirə bilərlər. Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı yaradılıb. Qeydiyyat prosesi sadədir, portalda hər bir onlayn mağaza üzrə satışa, mağazadakı məhsullar üzrə qalıqların idarə olunmasına, müştərilərin təhlilinə və satışa dair digər zəruri məlumatları hesabat şəklində sahibkara təqdim edəcək müxtəlif alətlər mövcuddur.
www.kobmarket.az sahibkarların onlayn satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların və istehlakçıların rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsinə, eləcə də nağdsız ödənişlərin artırılmasına və “kölgə iqtisadiyyatı”nın azaldılmasına dəstək göstərilməsini hədəfləyir.
www.kobmarket.az portalında onlayn mağaza açmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri portalda qeydiyyatdan keçməlidir. Sahibkarlıq subyektlərinin www.kobmarket.az portalı ilə bağlı hər hansı sualları yaranarsa portal üzrərindən onlayn müraciət edə bilərlər.