Azərbaycada ev işi görərək pul qazananlar, eləcə də digər xidmətlərin göstərilməsi üçün yeni layihə işə düşüb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a ildirilib ki, ölkədə «kölgə iqtisadiyyatı» və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi üçün işlər çərçivəsində müxtəlif xidmətlərin göstərildiyi layihə başlanılıb.
Bir qədər əvvəl fəaliyyətə başlamış “Çak çuk” startap layihəsi qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını və düzgün uçotun aparılmasını təşviq edir. Qeyd edək ki, ev təmizliyi, usta, bərbərxana və s. kimi 9 kateqoriya üzrə 180-ə yaxın xidmətin təqdim olunduğu “Çak çuk” (https://cakcuk.az/) onlayn platforması bu xidmətləri göstərən şəxsləri (icraçı) və bu xidmətlərə ehtiyacı olanları (müştəri) bir araya gətirir.
Amma bu layihədə iştirak etmək üçün şərt var – burada yalnız rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər platforma üzərindən xidmət təmin etmək üçün qeydiyyatdan keçə bilir.
Platforma üzrə ödənişlər də onlayn qaydada həyata keçirilməlidir və bu da şəffaf mühasibatlığın aparılmasına imkan verir.
Startap layihəsinin vətəndaşlar üçün faydası ev xidmətlərinin bir platformada təqdim olunması, xidmət vaxtını və icraçını seçmək, sifariş prosesini izləmək və nəticəni qiymətləndirmək imkanı, görülən işə zəmanət verilməsidir. Ev xidmətləri göstərən iş axtaranlar üçün isə onlayn platforma davamlı olaraq iş imkanları təklif edir.