Avqustun 25-27-də “Made in Uzbekistan” biznes forumu keçiriləcək və tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim ediləcək.
Eləcə də bax: Azərbaycan-Özbəkistan tekstil forumu keçiriləcək - TARİX
“Caspian Event Organisers” (CEO) şirkətindən FED.az-a bildirilib ki, işgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər və digər məhsulların istehsal və ixracı ilə məşğul olan 28 şirkət iştirak edəcək. Özbəkistan şirkətləri arasında “Uztex Group”, “Urganch Baxmal” MMC, “Alliance Textile”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textile Fashion” MMC, “Imron Textile Group”, “Nil Granit” MMC və sair kimi şirkətləri yer alır. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə https://b2b-uz-textile.ceo.az/welcome-az linkindən tanış olmaq mümkündür.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov: “Bu tədbir Özbəkistan və Azərbaycan sahibkarları üçün pandemiya şəraitində təşkil etdiyimiz ikinci onlayn forumdur. Bu dəfə biz diqqətimizi Özbəkistan iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tekstil məhsullarının istehsalı və ixracına yönəltmişik. Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, onlayn forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcək”.
Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribüterləri, tikiş müəssisələrinin mütəxəssisləri, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunurlar. Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://b2b-uz-textile.ceo.az/register-as-importer-az.
Avqustun 25-də keçiriləcək plenar iclasda İqtisadiyyat Nazirliyi, Özbəkistanın Xarici İşlər Nazirliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Uztekstilprom” Assosiasiyası, Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı gözlənilir.
Avqustun 26-27-də ikitərəfli görüşlər təşkil olunacaq.
“Made in Uzbekistan Textile” onlayn B2B-nin təşkilatçıları qismində Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi ilə birlikdə “Uztekstilprom” tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası çıxış edirlər. Tədbirə KOBİA və AZPROMO dəstək göstərir. Təşkilati dəstəyi isə “Caspian Event Organisers” şirkəti təmin edir.