Türkiyə iş adamları Azərbaycanda bəzi yeni istehsal sahələrinin təşkili ilə bağlı təkliflərlə çıxış ediblər.
FED.az xəbər verir ki, bu təkliflər yanvarın 21-də Türkiyə vitse-prezidentinin baş müşaviri Erkan Koparmalın rəhbərlik etdiyi, Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelikin də daxil olduğu nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə səsləndirilib.
Azərbaycanda çətənə/kannabis biznesinə - NİYƏ BAŞLAMIRIQ? – EKSPERTDƏN TƏKLİF
Qonaqları salamlayan Məmməd Musayev 2020-ci ilin pandemiya səbəbilə çətin keçdiyini bildirib, amma qeyd edib ki, şanlı Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməsi ilə Azərbaycan üçün yeni tarixi dövr başlayıb.
ASK rəhbəri xatırladıb ki, 2 noyabr 2020-ci il tarixində Bakıda Türk Ticarət və Sənaye Palatasının (TCCI) “Azərbaycanın sosial iqtisadi inkişafının yeni dövrü” mövzusunda növbədənkənar görüşü keçirilib, görüşün qonaqlarını isə prezident İlham Əliyev qəbul edib. Məmməd Musayev işğaldan azad olunmuş ərazilərin yenidənqurulması işində türk şirkətləri ilə birgə əməkdaşlığa hazır olduqlarını bildirib.
Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelik bildirib ki, səfər zamanı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumların rəsmiləri ilə görüşüb.
S.Çelik Türkiyədə mövcud olan altı təşviq bölgəsindən birinin Yozqat olduğunu, onun Mersin və Samsun limanları arasında yerləşdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Yozqat Konfederasiyasının prezidenti Mehmet Deniz isə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə həyata keçirilən tibb, kosmetika, ip istehsalı kimi digər sahələrdə də istifadə olunan sənaye üsulu çətənə emalı layihəsi haqqında geniş məlumat verib. M.Deniz bu layihəni Azərbaycanda da həyata keçirmək istədiklərini, burada beynəlxalq bir fabrik qurmaq arzusunda olduqlarını bildirib.
Eyni zamanda, “Samson Danışmalık” şirkətinin nümayəndəsi Özge Calan Yozqat bölgəsində həyata keçirilən investisiya təşviqi, “TANA mühendislik A.Ş.” şirkətinin rəhbəri Mustafa Tibukoğlu tərəflərindən reallaşdırılan layihələr barədə geniş məlumat veriblər.
Erkan Koparmal bütün görüşlərində Azərbaycanda həyata keçirməkdə maraqlı olduqları layihələr haqqında geniş fikir mübadiləsi apardıqlarını və işğaldan azad olunmuş ərazilərin yenidənqurulması işlərində fəal iştirak etmək niyyətində olduqlarını vurğulayıb.