Azərbaycanda biznes üçün ən sərfəli, yəni rentabelli sahələr məlum olub.
İş adamları birliyi vergi güzəştləri ilə bağlı - TƏKLİFLƏR AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanda müəssisə və təşkilatların ümumi rentabelliyi 56,6% təşkil edib.
Qeyd edək ki, rentabellik dedikdə - mal, iş və xidmətlərin satışından əldə edilmiş mənfəətin satışın maya dəyərinə nisbəti başa düşülür.
2023-cü illə müqayisədə müəssisələrin rentabelliyi aşağı düşüb. Belə ki, 2023-də bu rəqəm 70% idi.
Rəsmi rəəmlərə görə, 2024-cü ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində rentabellik 20,1% olub. 2023-cü illə müqayisədə bu rəqəm bir qədər azalıb – əvvəlki il 32% idi.
Mədənçıxarma sahəsində isə rentabellik 486% olub. Başqa sözlə, bu sahədə əldə edilən mənfəət maya dəyərindən təqribən 5 dəfə artıqdır. Sadə desək, bu sahədə xərclənən hər 1 manat müəssisəyə 5 manat təmiz mənfəət gətirib. 2023-cü ildə bu göstərici daha yüksək olub – 600%. Yəni hər 1 manat müəssisəyə 6 manat xalis mənfəət gətirib.
Emal sənayesində rentabellik 22,1% olub, 2023-cü illə müqayisədə rentabellik bir qədər azalıb – həmin il 25,3% idi.
Ölkədə iki sahədə rentabellik yoxdur. Bunlar elektrik enerjisi istehsalı və su təchizatıdır. 2024-cü ildə hər iki sahə zərərlə işləyib. 2023-cü ildə elektrik enerjisi istehsalında rentabellik 5,7% olmuşdu, 2024-dı isə burada da zərər qeydə alınıb.
Ölkə iqtisadiyyatında böyük yer tutan tikinti sektorunda rentabellik 24,8% təşkil edir. Bu sahədə də rentabellik4 2023-ə nisbətən daha azdır – həmin il 26,9% olmuşdu.
Ticarət sahəsində artan rəqabət bu sahədə gəlirləri azaldır – rəsmi rəqəmlərə əsasən ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində rentabellik 2023-cü ildəki 20,8%-dən 2024-cü ildə 18%-ə düşüb.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində də rentabellik 8 faiz azalaraq 2023-cü ildə qeydə alınmış 32,5%-dən 2024-cü ildə 24,3%-ə enib.
Hazırda Azərbaycanda ən rentabelli sahələrdən biri turistlərin yerləşdirilməsi və ictimai iaşə, yəni turizm və restoran sektorudur. Bu sahədə rentabellik 67,7%-ə yüksəlib. 2023-cü ildə bu rəqəm 57,6% idi. Başqa sözlə, turizm və restoran biznesi yeganə sahədir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə onun rentabelliyi artıb.
Əvəzində 2023-cü ildə yüksək rentabelliyi olan sahələrdən biri - informasiya və rabitə sahəsində gəlirlilik kəskin azalıb. 2023-cü ildə 66% təşkil edən rentabellik 2024-cü ildə 35,7%-ə enib.
Digər sahələrdə də yüksək rentabellik var – 53%, 2023-cü ildə də rentabellik bu səviyyədə idi.













