Məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 30 iyun tarixindən sahibkarların istifadəsinə verilib. Hazırda kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və kredit təşkilatları tərəfindən təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması ilk dəfə tətbiq olunan bu platforma vasitəsilə həyata keçirilir.
Eləcə də bax: Sahibkarlara kreditlərdə yeni mexanizmlər başlayır - MÜSAHİBƏ
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, 22 iyul tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 495 milyon manat olan 1447 müraciət daxil olub:
“Artıq bir sıra müraciətlərə baxılıb və 46 müraciət üzrə ümumi həcmi 5.6 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək”.
Rəsmi məlumata görə, biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır:
“Belə ki, sahibkarlar kredit üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə İqtisadiyyat Nazirliyində və müvəkkil kredit təşkilatlarında eyni vaxtda baxılır, eləcə də müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin edilir, sağlam rəqabət mühiti formalaşdırılır, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, vaxta və xərclərə qənaət olunur».