Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə pirotexniki vasitə gətirilməsinin qanuni yolunu açıqlayıb. Komitədən FED.az-a verilən məlumata görə, Azərbaycana pirotexniki vasitələrin gətirilməsi Azərbaycan prezidentinin «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» 1997-ci ili 24 iyun tarixli fərmanı ilə tənzimlənir.
22 il əvvəl imzalanmış fərmana (fərmanla buradan tanış olmaq mümkündür) əsasən bəzi malların ölkəyə idxalı Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilir. Bu malların arasında «Barıt, partlayıcı maddələr, partlayış və pirotexnika vasitələri» də var. Komitədən bildirilib ki, belə məhsulları idxal etmək üçün Nazirlər Kabinetinə üraciət etmək lazımdır.
Başqa sözlə, qanunvericilik, ölkəyə pirotexniki vasitələrin gətirilməsini qadağan etmir, sadəcə bunun müəyyən prosedurları var və bu sahə ilə məşğul olmaq istəyənlər həmin prosedurlara əməl etməlidirlər.
Maraqlıdır ki, ölkəyə pirotexniki vasitələrin gətirilməsinin qadağan edilmədiyi Dövlət Gömrük Komitəsinin rəsmi açılamasında da bildirilir.