Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və platformanın dəstəyi ilə “Bakı KOB evi”ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.
Azərbaycan iş adamlarının - TÜRKİYƏYƏ YATIRIMLARI 4 DƏFƏ ARTIB
KOBİA-dan FED.az-a bildirilib ki, tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Qəhrəmanmaraş Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində AZPROMO tərəfindən ölkəmizin əlverişli investisiya mühiti və sərmayə qoyuluşu imkanları barədə təqdimat keçirilib, tekstil, tikinti, kənd təsərrüfatı, logistika, turizm, ticarət, qablaşdırma, elektrik sənayesi, elm və təhsil sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.