Bu ilin iyunun 9-12-də Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında “onlayn” formatlı “Made in Uzbekistan Online” biznes forumu keçiriləcək.
Eləcə də bax: Azərbaycanda bir qrup qadına biznes qurmaq üçün - 525 DOLLAR VERİLƏCƏK
FED.az xəbər verir ki, “Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, ilk dəfə təşkil edilən biznes forum Özbəkistanın məhsulları ilə tanış olmaq, eləcə də Azərbaycanlı və özbək sahibkarlar arasında yeni biznes əlaqələri qurmaq üçün səmərəli işgüzar platformadır.
Forum yeni növ koronavirus (COVID-19) pandemiyasının iqtisadiyyatın müxtəlif sahələrinə təsirini yüngülləşdirməyə kömək etməklə yanaşı, istər Azərbaycanda, istərsə də Özbəkistanda pandemiya şəraitində biznesə dəstək vasitəsi funksiyasını yerinə yetirəcək.
Sözügedən biznes-forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 57 istehsalçısının, eləcə də Azərbaycanın 60-dan çox sahibkarının iştirakı gözlənilir.
Hər iki ölkənin nazirlik, agentlik və şirkətlərini təmsil edən nümayəndələrin iştirak edəcəkləri forumun plenar sessiyasının rəsmi açılışı 8 iyun tarixinə planlaşdırılır. Açılış “YouTube” platformasında yayımlanacaq. Biznes-forumun proqramına qida sənayesi və kənd təsərrüfatı, maşınqayırma və dağ-mədən sənayesi, yüngül sənaye, elektrotexnika sahələri üzrə görüşlər daxildir.
Qeyd edək ki, forum Özbəkistanın Azərbaycandakı səfirliyi və Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi ilə birlikdə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunur. (Apa)