Azərbaycan, zəngin neft ehtiyatları ilə tanınan bir ölkə, tədricən kənd təsərrüfatı potensialını üzə çıxarır. Bunun parlaq nümunələrindən biri sürətlə inkişaf edən fındıq sektorudur.
Dünya qoz-fındıq bazarı əsl bum yaşayır. Sağlam qidalanma getdikcə daha populyar olur və vitaminlər və faydalı yağlarla zəngin olan fındıq bu trendə mükəmməl uyğun gəlir.
Proqnozlara görə, dünya bazarında fındıq satışlarının həcmi artmağa davam edəcək və 5 il ərzində 47,6 % artaraq 2029-cu ilə qədər təsirli 756,7 milyon ABŞ dollarına çatacaq. 2024-cü il üçün gözləntilər 512,62 milyon ABŞ dolları üzərindədir.
Azərbaycan öz iqlim şəraiti və zəngin torpaqları sayəsində fındıq yetişdirmək üçün unikal üstünlüklərə malikdir. Yerli istehsalçılar müasir texnologiyalara fəal şəkildə sərmayə qoyur və məhsuldarlığın artırılması üzərində işləyirlər. Bununla yanaşı, Azərbaycan fermerləri dünya bazarında rəqabət və iqlim dəyişikliyi kimi bir sıra çağırışlarla üzləşirlər.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov “Report”a Azərbaycanın dünya fındıq bazarındakı rolu, ölkədə bu məhsulun istehsalı və gözləntiləri barədə danışıb.
Onun sözlərinə görə, fındıq istehsalı üzrə göstəricilər adətən mövsümə uyğun olaraq yəni avqust-sentyabr aylarında hesablanır: “Lakin bu ilin 6 ayında Azərbaycanda qabığı təmizlənmiş şəkildə 51,9 milyon manat məbləğində 8 425 ton fındıq (ləpə) istehsal edilib".
İ. Orucov bildirib ki, fındıq məhsulunun böyük partiyası çox vaxt Avropa ölkələrindəki Milad bayramı və Rusiyadakı Yeni il bayramına qədər emal olunaraq ixrac edili: "Belə ki, fındıq məhsulunun adətən 60-70 %-i müxtəlif ölkələrə tədarük olunur. Bu il də belə olacağını düşünürəm”.
Assosiasiya rəhbəri qeyd edib ki, dünyanın ən böyük fındıq istehsalçısı olan Türkiyədə bu məhsulların qiymətləri ilə bağlı mövcud vəziyyət narahatlıq yaradır: “Bu ölkədə dövlət tərəfindən fındıqla bağlı yüksək qiymətlər müəyyən edilib. Yəni Türkiyə dövləti fındıq məhsulunu fermerlərdən yüksək qiymətlərə alacağını açıqlayıb. Lakin Avropa ölkələri fındıq məhsulunu belə yüksək qiymətə almaq niyyətində deyil. Fındıq məhsulunun 80 %-i Avropa ölkələrindəki fabriklərdə emal olunduğu üçün əslində, onun qiymətini də məhz bu qitənin dövlətləri diktə edir.
Türkiyənin qlobal fındıq bazarındakı payının 75 % olduğunu nəzərə alsaq, onun təyin etdiyi qiymətlə uyğunlaşmalı olduğumuzu söyləyə bilərəm. Türkiyə fındıq məhsulunun qiymətlərini yüksək saxlasa, həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyənin ixracı kəskin şəkildə azalacaq. Amma qiymətlər sabitləşsə, dekabr ayında ixraca yönəldiləcək həcmi istehsalın 70-80 %-nə çatdıra biləcəyik”.
O vurğulayıb ki, ənənəvi bazarlardan başqa digər ölkələrə fındıq məhsulunun tədarükü nəzərdən keçirilmir: “Məsələn, hazırda Hindistan və Çin kimi ölkələrdə Azərbaycan istehsallı fındığın istehlakı aktual deyil. Yəni bu ölkələrdə fındığın istehlak həcmi Avropa ilə müqayisədə ciddi şəkildə fərqlənir. Bu məqamda qeyd edək ki, Yaponiya il ərzində cəmi 1 000 ton fındıq ləpəsi idxal edir. Bu rəqəm Azərbaycanda fındıq sahəsi ilə məşğul olan müəssisənin 60-70 %-lik gücünə bərabərdir. Hindistan çox cüzi miqdarda fındıq idxal edir. Pakistan il ərzində cəmi 40 ton fındıq tədarük edir. Bir sözlə, fındıq əsasən Almaniya, İsveçrə, Fransa, Belçika, İtaliya kimi şokolad məhsulları istehsal edilən Avropa ölkələrində emal olunur. Odur ki, bizim digər bazarlara ümid etməyimiz sadəlövhlük olardı”.
Qeyd edək ki, ötən il Azərbaycanda 75 min 409 ton fındıq istehsal olunub. Onun 23 min 397 tonu 22 dövlətə ixrac olunub ki, bunun da 54 %-i Rusiyanın payına düşüb. İlk beşlikdə Almaniya, İtaliya, İsveçrə və Türkiyə var. Ötən il Azərbaycandan ixrac olunan fındığın 93,8 %-i qabığı təmizlənmiş şəkildə (ləpə) tədarük olunub (Report).