“Bu gün sahibkarların 21 %-dən çoxu qadın sahibkarlardır. Bu, ildən-ilə artır”.
Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirilən iclasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Orxan Məmmədov bildirib ki, müxtəlif dəstək paketləri var və bu dəstək paketləri qadın sahibkarlara da təklif olunur: “KOBİA yaranan ilk gündən İctimai Şurada fəal təmsil olunan qadın sahibkarlar var. Bir neçə layihəmiz var ki, məhz onu qadın sahibkarlığın inkişafı üçün etmişik. Ötən il yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında qadın sahibkarların fəaliyyətinin artırılmasını da yüksək qiymətləndiririk. Qadın sahibkarlarımızın azad edilmiş ərazilərdə biznes qurmağa diqqəti artır. Bu günədək azad olunmuş ərazilərdə iş, biznes qurmaq üçün KOBİA-ya 1332 müraciət daxil olub ki, onlardan da 70-i qadın sahibkarlara aiddir. Biz görürük ki, maraq çox böyükdür və təqdirəlayiqdir ki, qadın sahibkarlarımız artıq biznes fəaliyyətinə başlayıb, Qarabağa öz töhfəsini verməyə hazırdır”. (Apa)