Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti 2026-cı ildə yeni tərkibdə ilk iclasından öncə ənənəvi olaraq Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib.
Mürsəl Rüstəmov: "ATİB üzvləri Azərbaycan iqtisadiyyatının inkişafına təkan veriblər"
FED.az biznes və maliyyə xəbərləri portal xəbər verir ki, ATİB İdarə Heyəti üzvləri ilə tanışlıqdan sonra regionda baş verən son siyasi proseslər fonunda Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti haqqında danışan səfir iki ölkə arasında iqtisadi əlaqələrin Zəngəzur dəhlizinin açılması ilə növbəti mərhələyə addım atacağından əminliyini dilə gətirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artımına mane olan amillərə də toxunan Birol Akgün yeni mərhələnin regionun bütün dövlətlərinin rifahına xidmət etməklə yanaşı idxal-ixrac əməliyyatlarında əhəmiyyətli artışa səbəb olacağını qeyd edib. Səfir çıxışında həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərində türk şirkətlərinin fəal rolundan məmnunluğunu bildirib.
Daha sonra Azərbaycan-Türkiyə İş Adamları İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin 2026-cı il üçün nəzərdə tutulan layihələri barədə məlumat verib. Səfirə bu günədək ATİB-in fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edən sədr gələcək tədbirlərin icrasında da Səfirliklə əməkdaşlığı davam etdirməkdə qərarlı olduqlarını qeyd edib.
Görüşün sonunda səfir Birol Akgünə Azərbaycan-Türkiyə İş Adamları Birliyi adından xatirə hədiyyəsi təqdim edilib.






















