FED.az Banker.az-a istinadən “Apple” şirkətinin direktoru Tim Kukla Donald Trampın münasibətləri barədə yazını təqdim edir.
Eləcə də bax: "Apple" şirkətinin rəhbəri Bakı bulvarının - FOTOSUNU PAYLAŞIB
“Apple” şirkətinin direktoru Tim Kuk, ABŞ prezidenti Donald Tramp ilə dostluq edən yeganə top-menecerdir. Digərləri lobbiyə milyonlarla dollar pul xərclədiyi zaman, Kuk ticarət tariflərinin ləğvinə nail olmaq üçün prezidentə zəng edir. Donald Tramp və Tim Kuk arasındakı münasibətlər haqqında The Wall Street Journal danışdı.
“Niyə [Apple-in direktoru] Tim Kuk ən yaxşı idarəçilərdən biri sayılır? Çünki o mənə zəng edir, başqaları isə yox”, – deyə 2019-cu ilin avqustunda ABŞ prezidenti Donald Tramp bildirib. Onun sözlərinə görə, Tim Kuk hər hansısa problemlə üzləşəndə, dərhal ona zəng vurur. “Digərləri məsləhətçilərə bir ətək pul tökür, Tim Kuk isə birbaşa Donald Tramp ilə əlaqə saxlayır”,- dövlət başçısı əlavə edir.
Donald Tramp ilə Tim Kuk arasında dostluq münasibətinin olmasını sübut edən faktlar var: avqust ayında Tramp Çindən idxal olunan mallara münasibətdə yeni ticarət tariflərini tətbiq etmək niyyətində olduğunu söyləsə də, yeni qərarın qüvvəyə minməsi məsələsi təxirə salınmışdır. Bunun səbəbi nə idi? Qeyd edək ki, ticarət tariflərinin qalxması Apple şirkəti üçün əlverişli deyil. Məhz bu səbəbdən Tim Kuk dərhal Donald Tramp ilə əlaqə saxlayır və qərar təxirə salınır. “Problem rəqib olan Samsung şirkətində idi. O, rüsum ödəməyəcək, Tim Kuk isə ödəyəcək. Mən ona az da olsa kömək etməliyəm, çünki Apple çox yaxşı şirkətdir”, – Tramp bildirir.
Nə isə yaxşı etmək istəyirsənsə, onu özün et
Tim Kuk Donald Tramp ilə yaxın əlaqələr qurmağı bacaran yeganə şəxsdir, burada onun əsas məqsədi şirkətinin maraqlarını qorumaqdır. Bu, qeyri-adi birlikdir, çünki milyarderlər bir-birindən fərqli düşünürlər, məsələlərə fərqli yanaşırlar. Onların qarşılıqlı əlaqəsi hər iki tərəfə həm ticarətdə, həm də vergi sahəsində kömək edir.
Kuk prezidentlə bir neçə dəfə Nyu-Cersidəki Trump Golf Club-da nahar edib. WSJ-in yazdığı kimi, Donald Tramp şirkət rəhbərini dost adlandırır və tez-tez tərifləyir. 2019-cu ilin mart ayındakı görüşdə Tramp Kuku Tim Apple adlandırdı. Prezidentin tərəfdarları bu jesti iki lider arasındakı zarafat kimi qiymətləndiriblər.
Tim Kukun diplomatiyası Apple-a milyonlarla dolları qənaət etməyə imkan verir. Digər şirkətlər son illərdə lobbi xərclərini xeyli artırsalar da, onların heç biri Ağ ev ilə sıx əlaqə qura bilməyib. 2017-ci ildən bu günə qədər Apple bu məqsədlə 18 milyon dollar xərcləyib – Alphabet (Google-un ana şirkəti) və ya Amazon ilə müqayisədə iki qat az.
Apple-in qabiliyyəti
Buna baxmayaraq, Tim Kuku tam olaraq prezidentin tərəfdarlarına aid etmək olmaz. O, Trampın fəaliyyətinə qarşı etiraz etməklə yanaşı, onunla yaxşı münasibət saxlayır. Məsələn, Tesla-nın direktoru İlon Mask və Uber-in direktoru Trevis Kalanik bunu bacara bilmədi.
“Bu, Apple-in yeni qabiliyyətidir. Stiv Jobs Vaşinqtonda heç bir təsirə malik deyildi, Tim Kuk isə bunu bacardı”, – deyə Yel Universitetinin professoru Jeffrey Zonnenfeld bildirib.
Apple işçilərinin əksəriyyətinin demokratlara dəstək verməsinə baxmayaraq, Tim Kukun Donald Tramp ilə dostluğu tənqid olunmur. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, şirkət rəhbəri Donald Trampın sosial məsələlərdəki mövqeyinə qarşı çıxmağa çəkinmir.
Sükut qızıldır
Bəzən Tim Kuk müzakirələrdən çəkinir. WSJ misal çəkir: Tramp bir dəfə Tim Kukun ABŞ-da üç zavod tikəcəyini vəd etdiyini söylədi. Əslində, Kuk elə bir şey deməmişdi, lakın Twitter-müharibəsində iştirak etməmək qərarına gəldi. O, çox təmkinli insandır və buna görə də lazım olmayan yerdə düşmənçilik münasibətlərinin yaranmasına yol vermir.
Müəyyən hallarda rəhbər Ağ evi yaxınlaşan çıxışları barədə xəbərdar edir – bir qayda olaraq, yüksək səlahiyyətli məmurlar və ya prezident administrasiyası vasitəsilə. Prezident və onun həyat yoldaşı ilə sıx əlaqələr saxlayır.
“Silikon Vadisində siyasətə şübhə ilə yanaşan çoxdur. Onlar çox vaxt özlərini siyasətçilərdən daha ağıllı hesab edirlər. Kuk belə deyil. O həqiqətən də fikirləri nəzərə alır”, – senator Mark Uorner bildirir.
İki rəhbər arasındakı münasibətlərə təsir edən amillərdən biri də prezidentə qarşı impiçment prosesinin başlanması olmuşdur. Çox güman ki, Tim Kuk siyasi mövzularda bitərəf mövqedən çıxış edəcəkdir.
Qarşılıqlı xidmətlər
Tim Kuk və Donald Tramp arasındakı iş münasibətləri Nyu-Yorkda, 2016-cı il prezident seçkilərinin ərəfəsində qurulmuşdu. Seçki kampaniyası zamanı Tramp Apple şirkətini dəfələrlə istehsalını Çindən çıxarmağa çağırıb. “Biz istəyirik ki, Apple lənətə gəlmiş kompüterlərini xaricdə deyil, öz ölkəmizdə istehsal etsin”, – Tramp bildirib. Bir müddət Tim Kuk Tramp ilə görüşməkdən çəkinirdi, lakin sonradan iki rəhbər əməkdaşlıq etməyə başladı.
Tim Kukun Donald Trampa göstərdiyi təsir sərhədsiz deyil. Apple-in rəhbəri Çin və ABŞ arasında gedən ticarət müharibəsinin amerikan biznesinə mənfi təsir göstərdiyini israr etməyə davam edir.
Qeyd edək ki, prezident ilə olan sıx əlaqələrdən təkcə Tim Kuk deyil, digər bir çox şəxslər də istifadə edirlər. Bu ilin əvvəlində Kuk prezidentin yanında fəaliyyət göstərən Şuraya qoşuldu, 2017-ci ildə o, vergilərin azaldılmasına nail ola bilmişdir. Qeyd edək ki, sənəd imzalandıqdan sonra şirkət beş ildə amerikan iqtisadiyyatına 350 milyard dollar yatırım edəcəyini vəd etdi.