“APA Holding” MMC Direktorlar Şurasının iclası keçirilib.
FED.az xəbər verir ki, Direktorlar Şurasının sədri Nurşən Quliyev gündəlik barədə məlumat verib.
Bildirib ki, iclasda “APA Holding” MMC-nin birinci yarım il üzrə maliyyə hesabatı dinləniləcək, bundan başqa, Direktorlar Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılacaq.
Şirkətin birinci yarım il üçün maliyyə hesabatı barədə “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı məlumat verib.
Direktorlar Şurasının üzvləri müzakirələrdən sonra hesabatı qənaətbəxş sayaraq, qəbul ediblər.
Növbəti məsələ barədə məlumat verən Nurşən Quliyev APA TV-nin direktoru Vüqar Hüseynovun öz ərizəsi ilə işdən ayrıldığını, bu səbəbdən onun APA TV-nin direktoru vəzifəsindən azad edilməsi və Direktorlar Şurasının üzvlüyündən çıxarılması məsələsinə baxılmalı olduğunu bildirib.
Müzakirələrdən sonra Vüqar Hüseynovun APA TV-nin direktoru vəzifəsindən azad olunması və Direktorlar Şurasının üzvlüyündən çıxarılması təsdiqlənib.
N. Quliyev şirkət prezidenti tərəfindən APA TV-nin direktoru vəzifəsinə Cavid İsmayılın namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb.
Direktorlar Şurasının üzvləri C. İsmayılın APA TV-in direktoru təyin olunmasının lehinə səs veriblər.
Bundan başqa, C. İsmayılın və “APA-Economics”in redaktoru Musa Əhmədovun Direktorlar Şurasının üzvlüyünə qəbul edilməsi məsələsinə də baxılıb.
Hər iki şəxs yekdilliklə Direktorlar Şurasının üzvlüyünə qəbul edilib.