Mikromaliyyələşdirmədə etik standartlara riayət edilməsi mühüm əhəmiyyət kəsb edir.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
Onun sözlərinə görə, mikromaliyyələşdirmə banklardan kredit ala bilməyən həssas və aztəminatlı əhali təbəqələrinə yönəlib: "Bu, mikromaliyyə təşkilatlarını yüksək etik normalara riayət etməyə məcbur edir. Bizim vəzifəmiz müştəriləri fırıldaqçılıqdan və ədalətsiz şərtlərdən qorumaq, kreditləşdirmədə şəffaflığı və ədaləti təmin etməkdir".
J.Hacıyeva mikromaliyyə xidmətlərinin qarşısında duran əsas çağırışlar arasında həddindən artıq borclanma, yüksək faiz dərəcələri və müştərilər arasında maliyyə savadlılığının aşağı səviyyəsini qeyd edib. AMFA rəhbərinin fikrincə, bu problemlərin həllində Azərbaycan Mərkəzi Bankı mühüm rol oynayır və müştəriləri həddindən artıq borc yükündən qorumaq üçün səmərəli tənzimləyici tədbirlər tətbiq edib.
O, qadınların mikromaliyyələşdirmədə roluna xüsusi diqqət yetirilib. J. Hacıyeva bildirib ki, mikromaliyyə xidmətlərindən istifadə edənlərin 20 %-ni qadınlar təşkil edir və onların 75 %-i regionlarda yaşayır: "Halbuki ilkin olaraq bu göstərici cəmi 4 % təşkil edirdi. Qadınlar arasında mikromaliyyələşdirmənin əlçatanlığını artırmaq üçün qadın kredit işçilərinin cəlb edilməsi üzrə aktiv iş aparılıb ki, bu da bu xidmətlərin populyarlığını əhəmiyyətli dərəcədə artırıb. (Report)