2020-ci ildə pandemiyadan əziyyət çəkən iş adamları üçün nəzərdə tutulan 500 milyonr manatlıq kreditdən 163 milyon manat verilib.
Eləcə də bax: Sahibkarlar güzəştli krediti, zəmanəti və subsidiyanı - BELƏ ALACAQLAR - QAYDALAR
FED.az xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun rəhbəri Samir Hümbətov bildirib.
Onun sözlərinə görə, pandemiyanın yaratdığı vəziyyət iş adamlarına və kredit təşkilatlarına böyük çətinliklər yaradıb: «Çünki vəziyyətin nə qədər vaxt belə davam edəcəyi ilə bağlı qeyri-müəyyənlik var».
Fond rəhbəri bildirib ki, iş adamlarına kömək məqsədilə 500 milyon manatlıq kreditin dövlətin 60% zəmanəti ilə verilməsi barədə qərar qəbul edilib.
«Sahibkarlar cari xərclər və dövriyyə vəsaitləri üçün kredit götürməyə müraciət etdilər, fond da sahibkarlara dəstək verdi»-deyə S.Hümbətov bildirib.
Onun sözlərinə görə, indiyədək bu kreditləri götürmək üçün 3300 müraciət qeydə alınıb, 500 şirkət və sahibkarın kredit müraciəti təsdiq edilib və ümumilikdə 163 milyon manat kredit verilib.
Bundan başqa, fond rəhbəri xatırladıb ki, sahibkarlar üçün digər dəstək mexanizmi martın 10-dək krediti olanlara aiddir. Bu sahibkarların kredit faizlərinin 100% subsidiyalaşdırılması nəzərdə tutulur. S.Hümbətiov bildirib ki, bu məqsədlə 100 milyon manatın ayrılması nəzərdə tutulurdu. Onun 50 milyon manatı dövlət büdcəsindən, 50 milyon manat isə sahibkarlığın inkişafı fondundan ayrılıb.