Azərbaycanda son illər iqtisadiyyat və biznes sektorunda aparılan islahatlar və tətbiq edilən yeniliklər bir qayda olaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə başlayır. Bu prosesdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
FED.az xəbə verir ki, 2020-ci ildə keçirilən seçkilərdən sonra formalaşan yeni parlament və onun komitələri qanunların qəbulu prosesinə ciddi yeniliklər gətirib. Xüsusilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılan müzakirələr daha ciddi və işgüzar xarakter alıb, komitənin işinin məhsuldarlığı qat qat artıb.
İlham Əliyev: "Yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm" - MÜSAHİBƏ
FED.az MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyəti, iqtisadi və biznes qanunvericiliyin təkmilləşməsi, eləcə də ölkədəki iqtisadi proseslərlə bağlı MM-in və komitənin ən fəal üzvlərindən biri, millət vəkili Elnur Allahverdiyevlə müsahibəni təqdim edir.
- Elnur müəllim, əvvəla qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyəti güclənib. Komitədə müzakirələr daha canlı və detallı olur, buraya müxtəlif tərəflər cəlb edilir. Dəyişiklik nə ilə bağlıdır – təkcə komitənin tərkibinin yenilənməsi ilə, yoxsa ölkədəki iqtisadi aktivlik bunu tələb edir?
- Əslində, bütün dünyada belədir. İqtisadiyyatla bağlı qanunvericilik prosesinə cavabdeh olan komitələrin işi bütün parlamentlərdə çoxdur. Çünki belə deyək, iqtisadiyyat həyatımızın bütün sferalarında var. Sosial həyatda var, mədəniyyətdə, turizmdə var. Siyasətin özü iqtisadi maraqlara bağlıdır. Bu baxımdan, bizdə də istisna deyil. Məsələn, sosial siyasətlə bağlı hansısa qanun layihəsinin müzakirəsinə biz də cəlb olunuruq. Yaxud digər komitələrin işinə. Yeri gəlmişkən, statistika üçün deyim ki, hazırlanan və qəbul edilən qanun layihələrinin 50 faizi, bəlkə də bir qədər artığı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payına düşür.
Sualınıza bir qədər detallı yanaşsaq, deyə bilərəm ki, bəli, Altıncı çağırış Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyəti güclənib, komitə iclasları tez-tez keçirilir, aktiv debatlar olur. Sizin kənardan müşahidə etdiyiniz fəallığın bir səbəbi də odur ki, komitənin iclaslarına hökumət nümayəndələri, sahibkarlar, biznes təmsilçiləri dəvət olunurlar. Onlarla birlikdə müzakirələr həm xeyirli olur, - bu baxımdan ki, konkret hər bir sahənin mütəxəssislərinin iştirakı qanunvericilik prosesinə də öz müsbət təsirini göstərir. Həm də fikir mübadiləsi əsnasında müxtəlif yanaşmalar dinlənilir. Bunlar hamısı ümumi prosesə pozitiv rəng qatır.
- Zəhmət olmasa, 2022-ci ildə ölkədəki iqtisadi durumla bağlı fikirlərinizi bölüşərdiniz. İlin iqtisadi yekunlarını necə dəyərləndirirsiniz?
- Ümumilikdə, geniş arealda, dünya miqyasında götürsək, təbii ki, mürəkkəb il oldu. Təkrarçılıqdan uzaq olmaq şərtilə deyim ki, Azərbaycan iqtisadiyyatı dünyadakı iqtisadi proseslərlə sıx bağlıdır. İqtisadiyyat özü isə çox həssas, ingilis dilində tez-tez istifadə olunur, - “sensitive” məfhumdur. Siyasi proseslərlə əlaqəlidir, baş verən hansısa hadisəyə çevik reaksiya verir. Əksər hallarda bu reaksiya təlaş, ehtiyat, bədbin proqnoz üzərində bərqərar olur. Haradasa dövlət çevrilişi, yaxud inqilab oldu – dünya bazarı çalxalanır. Müharibə başladı – eyni ilə.
Razılaşarsınız ki, Ukraynadakı müharibədən irəli gələn sıxıntıları dünya onillərdir ki, görmürdü. Mənim şəxsi qənaətimdir, “Ərəb baharı” kontekstində baş verənlər daha böyük ərazini əhatə edirdisə, üstəlik, bu ərazi neft ixracatı ilə sıx bağlı idisə də, Ukraynadakı qədər qlobal narahatlığa səbəb olmamışdı. Mən iqtisadi cəhətdən olan narahatlığı nəzərdə tuturam. İnsanların böyük əksəriyyəti bu ilin fevralından sonra xəbərdar oldular ki, sən demə, Rusiya və Ukrayna dünya qida iqtisadiyyatında nə qədər böyük rol oynayırmışlar. Götürək, qarğıdalı ixracatını. Ukraynanın payı haradasa 10 faizin üstündədir. Bu, olduqca böyük rəqəmdir. Mövzudan kənarlaşmamaq şərti ilə qeyd edim ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın yaşanan qida böhranın aşılmasında, çözülməsindəki rolu ölçüyəgəlməzdir. Cənab Ərdoğanın bu missiyası gələcək tarix dərsliklərinə düşəcək.
Ölkəmizə qayıtsaq, müəyyən çətinlikləri və sıxıntıları biz də yaşayırıq. İlk növbədə bahalaşma ilə bağlı. Qiymətlərin artması, hətta deyərdim ki, qeyri-sabitliyi dünyada baş verən proseslərlə bağlıdır. Təbii ki, bu, hər birimizi narahat etməlidir. Belə narahatlıqlar insanlara təsir edir, həssaslıq yaranır.
2022-ci ilin iqtisadi yekunlarını dəyərləndirsək, təbii ki, çox ciddi müsbət nəticələrimiz oldu. Bu ilin Dövlət büdcəsinin müstəqillik tariximizin ən böyüyü olduğunu xatırlaya bilərik. Üstəlik, büdcəyə bir dəfə də əhəmiyyətli dəyişiklik edildi, bır sıra xərclərə əlavə vəsait ayrıldı. Ermənistanla sabit sülhün olmaması şəraitində bu artımın müdafiə xərclərinə təsir etməsini ciddi faktor hesab edə bilərik. Sosial xərclərdə də artım oldu. Hazırda əsas ixracat məhsulumuz olan enerji daşıyıcıları bazarındakı vəziyyət maraqlarımıza cavab verir. Cənab Prezidentin uğurlu xarici iqtisadi siyasəti əsaslı perspektivlər, ixracat payımızın artımını vəd edir. Fikrimcə, sıxıntı, çətinlik hər zaman olacaq. Hər yerdə belədir. Əsas odur uğurlarımız çoxalsın, nailiyyətlərimizin sayı artsın.
- Milli Məclisdə iqtisadi qanunvericiliyin müzakirəsi prosesində biznes nümayəndələrinin iştirakına münasibətiniz necədir? Hazırda bəzi hallarda belə praktika həyata keçirilir, onun daha da genişləndirilməsi mümkündürmü?
- Təbii ki, müsbət. Bilirsiniz, mən özüm də 20 ildən çox biznes fəaliyyəti ilə məşğul olmuşam. Ölkədə tanınan, uğurlu biznes strukturlarından birinin yaradıcısıyam. Bu baxımdan, bu halı həm müsbət qiymətləndirirəm, həm də dəstəkləyirəm. İndi Siz bu praktikanın genişləndirilməsinin mümkünlüyü barədə soruşursunuz, ancaq fikrimcə, artıq kifayət qədər işlək, dinamikdir.
Komitədəki qanun müzakirələrindən savayı biz sahibkarlarla, fərqli sferaların təmsilçiləri, öncülləri ilə işçi qrupları formatında da fəal iş aparırıq. Konkret ixtisaslaşmış sahələrin nümayəndələri ilə görüşlər olur, onların rəyləri öyrənilir, dinlənilir. Sığortaçılarla çox maraqlı müzakirələrimiz olub, geyim sektorunun təmsilçiləri ilə görüçəcəyik. Bankla asossiyasiyasının mütəxəssisləri ilə, Dünya Bankının rəsmiləri ilə məhsuldar müzakirələr aparmışıq. Ələtdə Azad İqtisadi Zonada maraqlı görüşümüz olub. Yəni komitə bu kimi təşəbbüslərə hər zaman açıqdır.
- Elnur müəllim, iş adamları, sahibkarlar və şirkətlər bildirir ki, qanun və qaydaların dəyişməsi, xüsusilə də bunun nə vaxt baş verəcəyi ilə bağlı bəzi hallarda yaranan qeyri-müəyyənlik onlara qarşıdakı dövr üçün planlarını qurmaqda çətinlik yaradır.
Sizcə gözlənilən, hətta müzakirə olunan dəyişikliklərlə bağlı biznesin vaxtında məlumatlandırılması üçün əlavə hansı addımlar atılmalıdır? Bununla bağlı hər hansı müddət qaydasının tətbiqi sizcə nə qədər məqsədəuyğundur- məsələn, ictimaiyyətin azı 6 ay və ya 1 il əvvəlcədən bu dəyişiklik barədə xəbərdar edilməsi kimi?
- Vaxtilə biznes sferasının nümayəndəsi olduğum üçün sahibkarların məlumatlandırılması, yaxud məlumatlı olmalarını mən də dəstəkləyirəm. Ancaq onu da deyim ki, bunun üçün kifayət qədər şərait var. Məncə onların bilavasitə qanunverici prosesə cəlb edilmələri, müxtəlif müzakirələrdə və işçi qruplarındakı iştirakı, bir növ elə məlumatlandırmadır. Bu, mənim şəxsi qənaətimdir. Bununla belə, mən bu məsələni həm komitədə qaldıracağam, həm də həmkarlarımla bir daha müzakirə edəcəyəm.
- Artıq uzun müddətdir ki, Rəqabət Məcəlləsi Milli Məclisdədir, amma indiyədək qəbul edilməyib və ümumiyyətlə, MM-in müzakirəsinə çıxarılmayıb. Sizcə bunun səbəbi nədir və sənədin nə vaxt qəbul olunacağını gözləmək olar?
- Bəli, düz qeyd edirsiniz, bu məcəllənin qəbulu xeyli müddətdir ləngiyir. Səhv etmirəmsə, ikinci oxunuşdan keçib. Ancaq kifayət qədər müddətdir ki, qəbulu qalıb. Bu illər ərzində obyektiv olaraq iqtisadi həyatda çox dəyişikliklər baş verib. Nəinki çox, hətta köklü dəyişikliklər olub. Bu səbəbdən, məcəllənin yenidən hazırlanması lazımdır. Hələlik məlumat verə bilərəm ki, yaxın zamanlarda gözlənilir. İctimaiyyət bu barədə mütləq məlumatlandırılacaq.
Verdiyiniz sual kontekstində maliyyə amnistiyası barədə qısaca əlavə etmək istəyirəm. Mən bu məsələni komitə iclaslarından birində qaldırmışam, İqtisadiyyat naziri Mikayıl Cabbarov mövzuya ətraflı toxunub. Hesab edirəm ki, bunlar bir-biri ilə sıx bağlı olan mövzulardır. Mənim qənaətimə görə, hökumətdə də bu mövzu ərtafında diskusiyalar aparılır. Yəgin ki, məcəllənin yeni məzmunda hazırlanması zamanı bu barədə də müzakirələr olacaq.
- Hazırda sahibkarlarla bağlı müxtəlif təşəbbüslər və təkliflər səslənir – bunlardan biri ayrı-ayrı məhsular üzrə ƏDV-nin dərəcəsinin fərqləndirilməsi, eləcə də sadələşdirilmiş vergi üzrə 200 min manatlıq həddin 300 min manat və ya daha yüksək həddə qaldırılmasıdır – bu təkliflərə münasibətiniz necədir?
- Şəxsən mən dəstəkləyirəm. Fikrimcə, sahibkarlar üçün güclü kömək olar. Yenə də qayıdaq dünyadakı vəziyyətə, postpandemiya dövrü üçün sahibkara belə bir dəstək vermək məqsədəmüvafiq olar. Bilirsiniz, ƏDV məsələsi bir qədər həssas, çətin məsələdir. Sizə bir misal çəkim. Orqanik məhsullar istehsal edən, onun ticarətini edən tanıdığım şəxslər var. Misal üçün, kənd yerlərindən onlara yağ, qaymaq, yumurta gətirirlər. O da alıb satır. Həmin məhsulu gətirənin nə VÖEN-i var, nə hesabı. Yəni prosesi rəsmiləşdirmək olmur. Eyni çətinliklərlə restoranlar, kafelər də rastlaşır.
- Elnur müəllim, qarşıdakı 10 ildə Azərbaycanın neft gəlirlərinin azalacağı və iqtisadiyyatın getdikcə qeyri-neft sektorundan asılı olacağı gözlənilir. Sizcə həmin vaxt qeyri-neft sektoru bu vəzifənin öhdəsindən gələ bilərmi və qeyri-neft sektorunun hansı sahələri bu baxımdan apacıcı rol oynaya bilər?
- Bilirsiniz, neftdən gələn gəlirin azalmayacağı tədqirdə belə qeyri-neft sektorunun iqtisadiyyatdakı payının artırılması əsas hədəfdir. Dövlət başçısı bütün çıxışlarında bunu vurğulayır, hökumətin, İqtisadiyyat nazirliyinin bu istiqamətdə intensiv fəaliyyətini izləyirik. Bizim iqtisadiyyatımız, büdcə gəlirlərimiz real iqtisadiyyata, istehsala əsaslanmalıdır. Bunun üçün şəraitimiz də var, resurslarımız da, insan potensialımız da. Hansı sahələrə ağırlıq salmalıyıq? Biz görürük, müqayisə etdikdə sənaye inqilabları arasındakı məsafə, dövr necə qısalır. Bu təbii ki, insan zəkasının inkişafı, yüksək texnologiyaların, süni intellektin imkanlarının artımı ilə bağlıdır. Bu baxımdan, cavab bəllidir. Fikir versək görərik ki, dövlət başçısının iqtisadi sahədə atdığı addımlar da bu tendensiya ilə həmahəngdir. Qarabağın bərpasında və iqtisadiyyatın yenidən qrurulmasında yaşıl enerji, ağıllı texnologiyalara üstünlük verilməsi, texnoloji parklar, azad iqtisadi zonalar və s. Cəbrayılda inşa ediləcək Günəş Elektrik Stansiyası elektrik enerjisi ixracatında payımızı artıracaq. Bu gün biz artıq Avropaya tək neft və qaz deyil, elektrik enerjisinin ixracından da danışırıq.
- Sizcə qeyri-neft sektoruna dəstək, o cümlədən xarici sərmayələrin cəlbi üçün indiyədək atılan addımlarla yanaşı, başqa hansı yeniliklərin (o cümlədən yeni imkanlar və ya güzəştlərin) edilməsinə ehtiyac var?
- Mənim şəxsi qənaətimi öyərnmək istəyirsinizsə, mən kənd təsərrüfatına yatırımların tərəfdarıyam. Həmin yeni texnologiyalar və süni intellektin imkanlarından istifadə etməklə. Belə təcürbəmiz də kifayət qədərdir. Məsələn, badamın yetişdirilməsi. Dünyada 4-cü yerdəyik. Böyük nəticədir. Kənd təsərrüfatı qidadır, həyatdır. Həm iş yeridir, həm hər zaman tox olacağımız, xarici bazardan asılı olmayacağımız, yaxud az asılı olacağımız deməkdir. Aqrar sferaya daha böyük yatırımların tərəfdarıyam.
Yatırım deyərkən təbii ki, güzəşt də buraya daxildir. İqtisadiyyatımız çoxşaxəlidir. Bu istiqamətlərin hər birinin inkişafı üçün imkanlarımız var. Ancaq mən bir qədər fərqli baxıram. Məsələn, turizmi inkişaf etdiririk. Bu, çox vacib iqtisadi gəlir mənbəyi olmaqla yanaşı, həm də ölkəmizin təbliği baxımından vacibdir. Burada bir məqam var. Biz 100 milyon sərmayə qoyub bir otel tikirik. Nə vaxt o 100 milyon qayıdacaq, özünü doğruldacaq – bir məsələ. Amma həmin 100 milyonu kənd təsərrüfatına sərf etsək nə olar? Yatırım deyəndə bunu nəzərdə tuturam.
- Elnur müəllim, sizin Milli Məclisə seçilməzdən əvvəl biznes təcrübəniz də olub, yəni bu sahədəki proseslər və problemlərdən xəbərdarsınız. İqtisadi və sahibkarlarla bağlı qanunvericiliyin müzakirəsində bu təcrübədən faydalanırsınızmı?
- Təşəkkür edirəm sualınıza görə. Bəli, əlbəttə ki, biznes keçmişimin önəmi böyükdür. Onu da deyim ki, mən bizim komitədə təmsil olunan yeganə keçmiş sahibkar deyiləm. Milli Məclisə seçilməmişdən öncə sahibkarlıqla məşğul olan həmkarlarım var. Şübhəsiz ki, onların təcürbəsi qeyd etdiyiniz sahələrlə bağlı müzakirələrdə sadə dillə desək, dadımıza çatır. Bu, çox müsbət tendensiyadır.
- Sahibkarlar və biznesə dəstək üçün sizcə ilk növbədə hansı sahələrdəki problemlərin həllinə nail olmaq lazımdır? (Vergi, gömrük, tikinti icazələri, dövlət satınalmaları və sair?)
- Bilirsiniz, haqqında danışdığımız qeyri-neft sektorunun inkişafı üçün edəcəyimiz, etməli olduğumuz tədbirlərdən biri də sahibkarlıq üçün münbit mühitin formalaşdırılmasıdır. Bu baxımdan, adlarını çəkdiyiniz bütün sahələrdəki problemlərin çözümünə nail olmaq lazımdır. Bildiyiniz kimi, mən mediaya açıqlamalarımda da, Milli Məclisdəki çıxışlarımda da gömrükdəki problemlərə toxunmuşam və hesab edirəm ki, buna görə haqsız qınağa da tuş gəlmişəm. Hazırda cənab Prezidentin tapşırığı ilə bu istiqamətdə önəmli tədbirlər görülür. Vergidən danışırıqsa, xüsusilə pandemiya dövründən üzü bu günlərimizədək çox ciddi islahatlar aparılıb. Eyni zamanda, mütəmadi dəyişikliklər də olmalıdır, çünki iqtisadiyyat canlı orqanizmdir, hərəkətdədir. Vergi gərək dəyişikliklərlə, yeniliklərlə uzlaşsın.
- Qəribə də olsa, artıq bəzi biznes nümayəndələrinin dövlətdən əsas gözləntiləri və istəkləri qeyri-rəsmi istehsal və kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlıdır. İş adamları bildirir ki, müxtəlif formalarda vergidən yayınan və keyfiyyətsiz məhsul istehsal edənlər həm dövlətə, həm də biznesə zərər vurur və ədalətsiz rəqabət mühiti yaradır. Bu şikayətlər qida sektorundan tutmuş, sənaye və ölkəyə idxalla bağlı ən müxtəlif sahələri əhatə edir. Sizcə bu problem nə qədər ciddidir, və belə halların qarşısının alınması üçün nə etmək lazımdır?
- Fikrimcə, kifayət qədər ciddidir. Bir müddət əvvəl bir yerli alkohol məhsullarının istehsalçısı ilə geniş və təfərrüatlı müzakirələrimiz oldu. Çox haqqlı tələbləri və narahatlıqları var idi. Istehsal etdiyi keyfiyyətli məhsul, söhbət içkidən gedir, - gözlənildiyi qədər satılmır, yaxud dükanlar, marketlər tərəfindən satışa götürülmür. Çünki o məhsuldan qat-qat ucuz və keyfiyyətsiz məhsul daha tez satılır deyə, həmin marketlər piştaxtalarındakı yeri sərf etmək istəmirlər. Prinsipcə, düşünə bilərik ki, satıcı alıcıdan asılıdır. Alıcı həmin ucuz malı alır. Ancaq burada bir keyfiyyət amili, habelə qanunsuz istehsal amili də var. Məncə, həmin məhsulları istehsal edən qanunsuz, vergidən yayınan sexlərə, obyektlərə qarşı tədbirlər hətta cinayət məsuliyyətinə cəlb edilməyə qədər sərtləşdirilməlidir.
- Parlamentdə «Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında» qanun layihəsi müzakirə edilir və onun qəbul olunması gözlənilir (artıq bu qanun qüvvəyə minib – FED.az). Yeni qanun biznes subyektlərinə əlavə hansı imkanları yaradacaq?
- Bu qanun layihəsi cənab Prezident tərəfindən parlamentə daxil olub. Olduqca əhəmiyyətli qanun layihəsidir. Ölkədəki hüquqi şəxslərin 89,2 faizi mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Söhbət 150 mindən çox sahibkardan gedir. Bu il sahibkarlara verilən 72,1 milyon manat güzəştli kreditlərin 74 faizi 1725 kiçik və orta biznes subyektinə ödənilib. Yəni dövlətin diqqəti çox böyükdür. Təqdim olunan qanun layihəsinin hazırlanmasında həm beynəlxalq maliyyə institutlarının, həm də ayrı-ayrı olkələrin təcürbəsindən istifadə edilib. Yeni qanunun mühüm hədəfləri var. İnvestisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun, qeyri-neft sektorunda KOB-ların payının daha da artırılması və s. Bu qanunun qəbulu ilə satınalmalarda iştirakın stimullaşdırlması, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, maliyyə resurslarına çıxışın asanlaşmasının baş verəcəyi gözlənilir. Qanunun qəbulu ilə KOB sahəsində ümumi əlaqələndirmə işləri, koordinasiya prosesi daha effektiv təşkil olunacaq. Bu qanun özü ilə bir sıra yeniliklər gətirir ki, həm biznes subyektlərinin işini asanlaşdıracaq, həm də onlara yeni imkanlar yaradacaq.