Diqqət: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb, onun digər resurslarda dərc edilməsi qadağandır.
Məktəb yaşlarından Misirə getmək qərarı verir və qarşısına məqsəd qoyur. Ali məktəbi bitirən kimi yola düşür, bu gün isə Misirin ən böyük ixracatçılarından biridir.
«7 il işsiz qaldım, məni vəziyyətdən bu layihə çıxardı – ÖZ BİZNESİMİ QURMUŞAM»
FED.az-ın suallarına Misirdəki «Elite», «Bazarstone», «Horaizon», «Mesad Group» kimi şirkətlərin təsisçisi və direktoru, həmyerlimiz Ceyhun Xəlilov cavab verir.
- Misirə ilk olaraq təhsil üçün getmisiniz. Bəs məqsəd yalnız təhsil idi?
- Adətlərimizin yaxın olması, dini kimliklərimizin eyniliyindən dolayı orta məktəb yaşlarımdan şərqə meyilli olmuşam. Elə məktəb vaxtı gələcəkdə şərq ölkələrindən hansına gedə biləcəyimi araşdırırdım. Ən uyğun Misiri gördüm. Sonra Misirə hansı xətlə gedə biləcəyini araşdırmağa başladım. Dedilər ki, İslam Universitetinə qəbul olarsan, sonra da təhsil üçün Misirə getmək daha rahat alınar. Mən də İslam Universitetində oxudum, sonra da dövlət proqramı ilə Misirdə təhsil üçün müraciət etdim və qəbul oldum. Yəni o qərarı məktəb illərində vermişdim.
Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ
- Misirdə iş həyatına necə başladınız?
- Misirə 2003-cü ildə getmişdim. 2004-cü ildən yay aylarında artıq turizm sahəsində bəzi işlərdə çalışırdım. Əsasən tərcüməçi kimi işlərə gedirdim. Misirdə ərəb dili üzrə təhsil alırdım. Ərəbcədən türkcəyə, türkcədən ruscaya tərcümə işlərinə çağırırdılar. Tərcümə ilə elə iş mühitinin içinə düşürdüm. Artıq həmin vaxt iş qurmaq üçün maraqlı sahələri qeydə almışdım. Əsas işləməyə isə 2005-ci ildən başladım. Misirli bir sahibkar məni işə dəvət etdi. Şirkət idxal və ixracla məşğul olurdu. 2011-ci ilə qədər o şirkətdə işlədim.
Azərbaycanın ilk yerli idman geyim brendini yaradan xanım - MÜSAHİBƏ
- Misirli sahibkar sizi niyə işə dəvət etmişdi?
- Dil biliyimə görə. Rus, Azərbaycan və türkcə biliyim var idi. Qeyd etdiyim kimi idxal-ixrac şirkəti idi. Dedi ki, Avropa ölkələri ilə işləyirik, post sovet ölkələri ilə də işləmək istəyirik.
- 6 il orda işlədikdən sonra elə idxal-ixrac sahəsində öz işinizi qurmusunuz.
- Bəli, o müddətdə gördüm ki, idxal-ixrac maraqlı sahədir. Eyni zamanda, təcrübə də qazandım. Biznesin qaymaqları gözümüzün önündən keçirdi. Hansı ölkələrdən nə gəlir, hara nə göndərmək olar? Bunlarla bağlı 6 ildə məlumat, təcrübə əldə etdim.
Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ
«Əvvəlcə bir misirli ilə şərikli şirkət yaratdıq»
- Bəs işi qurmağa necə başladınız?
- İşi qurmamışdan öncə xeyli araşdırma apardım. Yad ölkədə idim və orda da o vaxt biznes qanunları sərt idi. Sadəcə o vaxt əcnəbinin gəlib Misirdə şirkət qurub işi böyütməsi mümkünsüz görünürdü. Üstəlik də sənədləşmə işləri çox uzun, çətin proses idi. Ona görə, ilk olaraq bir misirli ilə şərikli şəkildə idxal-ixracla məşğul olan “Elite” şirkətini qurduq. Onun sərmayəsinə, yaxud işlərin icrasında köməyinə ehtiyacım yox idi. Bununla bağlı öncədən də anlaşmışdıq. Şirkət sahibi özüm idim. O, sadəcə rəsmi işləri görürdü, mən isə işi qururdum. Mən sənəd işləri ilə də özüm məşğul olsam, işlər kənarda qalardı.
- Şəriklilik nə qədər davam etdi?
- Zamanla ixrac işimiz həddindən artıq böyüdü. Artıq əcnəbinin Misirdə iş görməsinə problem olmayan hala gəldi. Ölkə üçün önəmli odur ki, biri gəlib onun məhsulunu xarici bazara satmaqla məşğul olsun. Biz o öhdəliyi götürmüşdük. Artıq sistem oturuşmuşdu, o sistemlə istənilən ölkədə işləyə bilərdik. Belə olan halda təbii ki fəaliyyət göstərdiyin ölkə də səni orda saxlamağa maraqlı olur. Misirdə şərikli iş görmək uyğun deyildi. Ona görə artıq işlər böyüyəndən sonra əvvəldən danışdığımız kimi mən müstəqil olaraq işin başına keçdim.
- Hansı məhsulların idxal-ixracını həyata keçirdiniz?
- Mədən avadanlıqlarının idxal-ixracı ilə başladıq. Bu sahədə davam etdik.
«Misirdən Türkiyəyə ixrac olunan daşın 60 faizini bizim şirkət təmin edir»
- Mədən sənayesində ilk vaxtlardan özünüz istehsalla məşğul idiniz?
- İşi yeni qurduğum vaxtlarda müəssisəmiz yox idi. İstehsalçılardan alırdım, sifarişçilərə satırdım. Yəni ixrac etdiyim məhsulları özümüz istehsal etmirdik. Ancaq hansı müəssisəyə məhsul sifariş verirdimsə, hazırlanma prosesində ya özüm, ya da işçilərim başlarının üstündə dururduq ki, keyfiyyəti yüksək olsun. Çünki onu mən ixrac edəcəm. Belə-belə istehsaldan da anlayışım yarandı. 2016-cı ildən istehsala başladım və “Bazarstone” şirkəti quruldu.
- Mədən sənayesində istehsala hardasa 5 il sonra başlamısınız. İstehsal böyük maliyyə tələb edirdi?
- Tələbə vaxtı işlədiyim idxal-ixrac şirkətində həm də mədən sənayesini görmək imkanım olmuşdu. Üstəlik idxal-ixrac işini quranda da, özüm birbaşa işin içində olurdum. Ona görə istehsal təcrübəmiz var idi. İşi görəcək istədiyim komanda yox idi. İdarəetmə önəmlidir. Bir şirkət qurursansa, 10 işçi çalışır, onları idarə edə bilirsən. Amma istehsal müəssisəsində 70-90 işçini idarə etmək çətinlikləri var. Addım-addım getmək daha məntiqli idi. Güvənli kadrları tapmalıydım. Əsas kadrların kimlərin olacağına qərar vermək, seçim etmək lazım idi. Gələcəkdə onlar hərəsi bir müəssisəni idarə edəcəkdi. Bu seçimi etmək bir az zaman aldı.
- 4-5 ildir ki mədən sənayesi sahəsində istehsalla məşğulsunuz. Bu müddətdə istehsal səviyyəsini hardan-hara gətirmisiniz?
- Hazırda Misirdən Türkiyəyə ixrac olunan daşın 100-də 60 faizini bizim şirkət təmin edir. Rəqəmlərlə danışmağı sevmirəm, amma bu, böyük bir rəqəmdir.
- Hansı ölkələrə məhsul ixrac edirsiniz?
- Türkiyə, Fransa, Rusiya, Tunis, Əlcəzair, Sudan, Kanada, Amerika, Belçika, Almaniya, Azərbaycan və s. ölkələrə. Balkan ölkələrinin hamısına. İxrac edəcəyimiz ölkənin bazarını araşdırırıq. Çətinlikləri, prosedurları tam öyrəndikdən sonra ölkəyə ixraca başlayırıq. İş gördüyüm iş adamları deyirlər ki, ağır addım atırsan, gec qərar qəbul edirsən. Bu tənbəllikdən irəli gələn bir şey deyil. Tam təhlil etdikdən sonra qərar verirəm ki, burda iş görülə bilər.
- Həm də tikinti sektorunda şirkətiniz var. Bu sahədə işlərə nə vaxt başladınız?
- İdxal-ixrac işimiz zamanla böyüdü, artıq işlər sistemə düşürdü. Hələ istehsala başlamasaq da, o istiqamətdə də işlər gedirdi. Mən o müddətdə biznes qurmaq imkanları olan sahələri araşdırırdım. 2015-ci ildən tikinti sahəsinə meyillənməyə başladıq və “Horaizon” şirkəti quruldu. Heç özümüz də düşünmədiyimiz halda işimizin həcmi böyüməyə başladı. Böyük şirkətləri bazarda sıxışdıracaq səviyyəyə gəldi. Biz mənzilləri götürüb modern formada təmir və dizayn işlərini görürük. Zamanla artıq dövlət layihələrində təmir və dizayn işləri bizə həvalə olunmağa başladı. Misirin ən məşhur xarici şirkətləri var, onların işlərini görürük.
«Misirdəki ən böyük sərmayəm dürüst iş görmək olub»
- Böyük firmaları necə sıxışdırdınız? Yad ölkədə idiniz, sizi tanımırdılar.
- Yad ölkədə olmaqdan yaxşı cəhətdən istifadə etmək də mümkündür. Əcnəbilər işlərində daha prinsipli və düzənli olduqlarına görə, bu, onların işləri üçün bir üstünlük olur. Əgər sənin etdiyin işlərdə keyfiyyəti, disiplini görsələr, təbii ki zamanla sənə daha çox müştəri gətirirlər. Misirdəki ən böyük sərmayəm dürüst iş görmək olub. Biznesimiz güvən üzərinə qurulduğu üçün hər zaman artım, böyümək üçün imkanlar olub. Dürüst çalışmaq, vaxtında təslim etmək çox önəmlidir.
- Misirdə böyük şirkətlərdə dürüstlük məsələsinə münasibət necədir ki?
- Misirdəki şirkətlərin 90 faizi işi götürəndə müştərinin bütün tələblərinə “bəli, edəcəyik” deyir, amma sonda bəhanələrlə gəlirlər, realda dediklərini heç də verə bilmirlər. Bu cəhətdən işçi seçiminə xüsusi fikir verirdim. Ona görə söz verdiyimizi reallaşdırırdıq. Bizim işdə 24 saat növbə ilə iş başında adam var. Amma yerli şirkətlərdə bir az məsuliyyətsizlik var. “Bu gün olmasın, sabah təhvil verək, nə olacaq?” - kimi yanaşırlar. Ərəb toplumunda sabahlar bitmir. İşi ertələməyi sevirlər. Bu gün vaxtı var, edə bilər, amma sabaha saxlayır. Biz isə müştərilərə vaxtında, gözəl, səliqəli şəkildə iş təqdim edirik. Bunun nəticəsidir ki, bir müqaviləmiz bitmədən sırada 3-4 müqavilə gözləyir. Misirlilər hər zaman bizimlə işləmək istəyirlər.
- Bir də “Mesad Group” var.
- Xarici ölkələrdə işlərimiz genişləndikcə “Mesad Group”u yaratdıq. Xarici ölkələrlə bağlı işlərimizi bu şirkət vasitəsilə edirik. Misirdə iş sahəsi belədir ki, hər şey addım-addım olmalıdır. Bu şirkətlər hamısı sıra ilə, addım-addım yaranıb. 2 ildir ki, 4 şirkəti “Kaero Baku” adı altında birləşdirmək üzərində işləyirəm. Qrup halında birləşdirmək asan deyil.
«İş, biznes sahibiyəm, ciddi olum» kimi yanaşmaları Misirdə keçmir
- Misirdə iş qurarkən sənədləşmədən başqa çətinlikləriniz nələr oldu?
- Hər bir şirkət qurularkən, hər bir işə başlanılarkən böyük bir yol keçilir. Misirdəki ən böyük çətinliyim işçi qüvvəsi ilə anlaşmaq idi. Çünki siz onlardan biri deyilsiniz. Üstəlik də, işçi qüvvəsinin yarıdan çoxu oxuma-yazma bilmirdi. İndi oxuma-yazma bilənlər çoxalıb. Bəzən özünü onlar kimi göstərməlisən ki, işləyə biləsən. Yoxsa “Mən gəldim, ağlımda prinsiplər var, onlarla hərəkət edim”, “İş, biznes sahibiyəm, ciddi olum” kimi yanaşmaları Misirdə keçmir. Bu cür burda iş həyatında bir həftə də davam edə bilməzsən. Nisbətən onlar kimi olmalısınız. Deyib-gülən, yumşaq xalqdır. Hər bir şeydə onlarla dil tapmaq olur. Ancaq sərt davranıb, qanunlarını burdakı işçilərə keçirtməyə çalışsan, o müəssisədə heç bir iş görə bilməzsən.
Bir də havasına alışmaq çətin oldu. Hava çirkli idi, o cəhətdən alışa bilmirdim. Üstəlik də dağlarda, mədənlərdə çalışmaq asan deyildi. Azərbaycandan işçi qüvvəsi də cəlb etməyə çalışmışam, amma gələnlər uzağı bir həftə qala bildi. Sonra davam edə bilmədilər.
«Yaşamaq üçün Azərbaycan, Misir, Türkiyə arasından Misiri seçdik, çünki açıq dənizə çıxışı vardı»
- İşlərinizi Yeni Qahirədə qurmusunuz, orda yaşayırsınız. Əvvəldən bu ərazidə başlamısınız?
- Təhsil üçün Qahirəyə getmişdim, orda yataqxanada qalırdım. Sonuncu kursda olanda, evləndim. Yoldaşım da tələbə idi, o da şərqşünaslıq üzrə oxuyurdu. Kirayəyə çıxdıq. Yoldaşım Qahirənin mərkəzini o qədər bəyənmədi. Dedi ki, bir az kənara gedək. Kənarda olanda da adamın işə yolu uzanırdı. 50-60 kilometr yol gedib-gəlirdim. İdxal-ixrac şirkətində çalışdığım dönəmdən söhbət gedir. Sonda qərar verməliydik ki, hansı ölkədə yaşamaq, işləmək istəyirik. Bu ya Azərbaycan, ya Misir, ya da Türkiyə olmalı idi. Misiri seçdik. Gələcəkdə uşaqların təhsili üçün uyğun idi. Mən idxal-ixrac sahəsində iş qurmağı planlayırdım. Misirdə isə limanlar daha çoxdur, o cəhətdən də mənə uyğun idi. Azərbaycanı mərkəz olaraq seçsəydim, dünya bazarlarına açılacaq limanlarımız yoxdur. Amma Misirdə Süveyş kanalı vasitəsilə bütün dünyaya daşıma var. Ölkə olaraq Misiri seçdik. Sonra Misirin hansı bölgəsində yaşamağa qərar verməli idik. Mərkəzdə hava çirkli idi. Ona görə havanın təmiz olduğu yer axtardıq. Qahirə sanki dairəvi şəhərdir. Kənara getdikcə hava təmizlənirdi.
- Yeni Qahirəni təkcə hava məsələsinə görə seçməzsiniz yəqin ki...
- (Gülür) Təbii ki. Qahirənin şərqinə, yoxsa qərbinə hərəkət edək deyə düşündük. İskəndəriyyə, yoxsa Suveyş yolunun üzərinə hərəkət edək? Hansı daha çox genişlənəcək? Bunları araşdırıb indi Yeni Qahirə salınan ərazini seçdik. İndi Misirin böyük iş adamları ilə oturub danışanda, deyirəm ki, mən misirli olmasam da, 2007-ci ildə oranı kəşf etdim. Bilirdim ki, Qahirənin genişlənməsi Suveyş yolu üzərindən olacaq. 2009-cu ildə Yeni Qahirəyə köçdük. Bir müddət ordan işə gedib-gəldim. Artıq praktiki hərəkət etmək lazımdır. Gündəlik 60 kilometr getmək vaxt itkisi idi. Özümüz də kənara köçdükcə işimizi ora daşımaq qərarı verdik. 2011-ci ildən artıq öz şirkətimi qurdum və işimiz də ora köçürdük. Ora köçəndə bizə deyirdilər ki, səhrada yaşayırsınız. Amma iş temposu yüksək olduğu üçün oranı sevirdim. Yavaş-yavaş genişləndi, ora köçənlər artdı.
- Mərkəzdən uzaq, daha az yaşayış olan yerdə biznes qurmaq nə dərəcədə uğurlu seçim idi?
- Sənaye bölgələri hər zaman Qahirənin kənarında yerləşirdi. Ona görə sənaye sahəsi seçdim. Bizim ixrac əsas daş bazarı üzərindədir. Ona görə, mərkəzdən uzaq olmaq problem yaratmadı.
- İşləri böyütmək üçün kredit cəlb etmisiniz?
- İşin böyüməsində kredit almamışam. İşimiz addım-addım böyüyüb. Şirkətdə də belədir, istehsalda da. Tutaq ki, bizim maliyyə gücümüz bir firmaya aylıq 100 min dollarlıq məhsul ixraca imkan verir. Qarşı tərəf 500 min dollarlıq məhsul istəsə, mən 400 min dollar kredit götürüb o ixracı edə bilərəm. Amma buna getməmişəm. Gücümüz 100 mindirsə, o qədər də edirəm. Hər zaman təkliflər bizim həcmimizdən böyük olub. Lakin gücümüz yetən işin altına girmişik.
- İşinizin reklamını necə aparırdınız? Reklama nə dərəcədə pul xərcləyirdiniz?
- Biznesin inkişafında reklam böyük amildir. Misirdə reklamçılıq Rusiya, Türkiyə, Azərbaycan, Baltikyanı ölkələrin bazarından yüksək səviyyədədir. İlk vaxtlar qazancın 90 faizini reklam işlərinə sərf edirdik. Necə? Şirkətin adının, əlaqə nömrəsinin üzərində yazıldığı qələmlər, divar saatları, təqvimləri firmalara göndərirdik. 10 min nüsxə çıxarırdıq, onu bütün firmalara, otellərə yollayırdıq. Adam saata baxır, bizim şirkətin adını görür. Buna “ucuz reklamçılıq” deyirik, amma böyük təsiri olurdu. Dövlətdən aldığımız layihələr məhz o xətt üzərindən gəlib. Sosial media ilə reklamçılığı o qədər bəyənmirəm. Canlı, birbaşa reklama daha üstünlük verirəm. O da effektini verdi.
«Vaxtilə bir konteynerdən 900-1000 dollar qazanırdıq, indi həmin məbləğ 50 dollara enib»
- Misirin ən böyük ixracçılarından birisiniz. Ona görə ixrac işinizdən də danışaq. Yükdaşımalarınız su üzərindədir?
- Ancaq dəniz üzərindən daşımalarımız var. Quru yoldan sərhəd ölkələrinə - Liviya, Sudan, Fələstin və s. idxal-ixrac edirik. Amma yüzdə doxsan faiz daşıma su üzərindədir.
- Misir bazarında sahibkarların yükdaşıma işinə marağı necədir? Bu sahədə rəqabətli bazardırmı?
- Əvvəllər Misirdə yükdaşımada rəqabət o qədər deyildi. Bəlli firmalar var idi, onlar həqiqətən böyük pullar qazanırdılar. İndi rəqabət yüksəlib. Qahirədə 50-60 yüksək səviyyəli daşıma firmaları var idisə, indi bu rəqəmlər 500-600-lərə çıxıb. Bir konteynerlə gün olurdu ki, 900-1000 dollar qazanırdıq. İndi həmin məbləğ 50 dollara enib. Bu fərq 5 ilə yaranıb. O zaman günlük 10 konteyner daşıyırdıqsa, indi 50 konteyner daşıyaq ki, o gəliri əldə edək. Yükdaşımada rəqabət aparmaq indi çətindir. İşimizi keyfiyyət üzərində qurmağa çalışırıq. Keyfiyyətli iş tələb edənləri bizimlə işləməyə cəlb etmək istəyirik.
Hazırda dünyada yük daşımada böyük problem var. Çin, Hindistandan digər ölkələrə yükdaşıma qiymətlərində digər ölkələrlə müqayisədə çox böyük fərq var. Biz Çindən də Misirə mal gətiririk. 2019-cu ilə qədər 1 ədəd 20-lik konteynerə - 1200-1300 dollar ödəyirdik. Hazırda 5000-5600 dollar ödəyirik. Söhbət su üzərindən daşımalardan gedir. Aradakı fərq uçurum qədər yüksəlib. Misirdə olan daşımalarda elə ciddi yüksəlmə yoxdur. Artım cüzi gedir.
- Dünyada məhsulların qiymətləri arta-arta gedir. Daşımada olan qiymət artımları bu qiymətlərə necə təsir edir?
- Ölkələrə görə dəyişir. Hazırda Çin, Hindistan üzərində hərəkət edən gəmilərdə qiymətlər çox yüksəlib. Anlaşılan səviyyədə deyil. Dünyanın biznesdə ana yeri Çindir. İstehsalda lazım olan ləvazimatların böyük qismi dünyanın hər yerinə Çindən gedir. Daşımaların qiyməti həqiqətən yüksəlib. Səbəb nədir? Bilmirik. Misirin özündən - Türkiyə, Amerika, Rusiya və s. ilə yükdaşımada elə bir qiymət artımı qeydə alınmayıb. Qiymət artımlarının ana mənbəyi Çinlə bağlıdır.
- Yükdaşımada ən böyük zərəriniz nə qədər olub?
- Aylıq 50-100 min dollar ziyanım olub. Ümumilikdə isə, pandemiya dövründə zərərimiz çox oldu.
«Misirli iş adamlarını Azərbaycana cəlb etmək bizim üçün çox asandır»
- Böyük məbləğlərdə zərər edəndə, biznes adamı hansı hissləri keçirir?
- (Gülür) Qazancı kimi gərək zərərinə də alışaq. Amma bəzən yorucu olur. Gecəni gündüzünə qatıb iş görürsən, bəsit bir məsələyə görə böyük zərərlə üzləşirsən. Hər zaman deyirəm ki, günahım olan işin bir deyil, on qatını da ödəməyə hazıram. Amma oturduğun yerdə zərərə uğrayırsan. Məsələn, xəbər gəlir ki, gəmi gecikdi. Bir də ki daşımada səbəb yoxdur, problem olur. Varsa, həll olmalıdır. Keçən il bizim Türkiyədən Misirə gələn bir gəmimiz var idi. Hava şəraiti uyğun gəlmirdi deyə gecikirdi. O malları biz tikintidə istifadə edəcəkdik. Həm inşaatda zərər görürdük, həm də biznesdə. Stressi böyükdür.
- Misirdə istehsal olunan məhsulların xarici bazarlara çıxış imkanları necədir?
- Keyfiyyət baxımından deyə bilmərəm, amma kəmiyyət olaraq Misirdə ixrac səviyyəsi həmişə yüksək olub. Problemlər Misir malında deyil, verilən xidmətdədir. Malın keyfiyyəti normal səviyyədədir. Malın vaxtında çatdırılması, hansı formada təqdimatına gəlincə, problemlər yaşanır. Malın çox gözəl keyfiyyətdə olması yetərli deyil, onu həm də bazara keyfiyyətli təqdim etmək lazımdır. Misirdə çox keyfiyyətli məhsullar var ki, bazarda təqdimatları o qədər də yüksək səviyyədə edilmir. Avropadan məhsul gəlir, elə yüksək keyfiyyəti yoxdur, amma qablaşdırması o qədər yüksək səviyyədədir ki, qidadırsa, elə qablaşdırmadan adam doyur. Misirdə çox gözəl kətan parçalar var. Amma tikiliş o qədər də yaxşı olmur. Xaricdə də Misir məhsullarından şikayətlər də xammaldan deyil, ondan ərsəyə gələn məhsuldadır. Misir dövləti xalqından bu yöndə yorulub.
- Bakıda hər hansı biznes fəaliyyəti ilə məşğul olmağı düşünürsünüz?
- Uyğun kadr olarsa, Bakıda da müəssisələr açmağı düşünürük. Bu, bizim marağımızdadır. Dövlət də dəstək olarsa, bunu edə bilərəm. Misirli iş adamlarını Azərbaycana cəlb etmək bizim üçün çox asandır. Tam Misirə bağlı olaraq qalmaq da istəmirəm. Azərbaycana bağlılığımız olub. Mərhələli şəkildə, düzgün siyasətlə Azərbaycana da fəaliyyəti düşünürəm.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı