Dövlət Neft Şirkəti (SOCAR) bu il daha 100 milyon ABŞ dolları məbləğində istiqraz buraxmağı planlaşdırır.
Eləcə də bax: SOCAR yeni istiqraz buraxır - Mərkəzi Banka Müraciət
FED.az xəbər verir ki, bununla bağlı hazırlıq işlərinə başlanılıb,
Söhbət 2016-cı ildə reallaşdırılmış ilk emissiyada olduğu kimi, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqrazdan gedir. İstiqrazlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də yerləşdiriləcək. Amma onların illik gəlirliliyi indi dövriyyədə olan istiqrazlarla müqayisədə 0.5 faiz bəndi az – 4.5% təşkil edəcək.
Qiymətli kağızlar yenə də 5 il müddətində dövriyyədə olacaq, faizlər isə rüblük ödəniləcək. SOCAR-ın tədavül müddətində onları nominal dəyəri ilə geri alması da nəzərdə tutulub. Prosesin anderrayteri “PSG Kapital İnvestisiya Şirkəti” QSC olacaq.
Xatırladaq ki, SOCAR-ın ölkə daxilində ilk istiqrazlarının tədavül müddəti gələn ilin oktyabr ayında başa çatır. Həmin istiqrazlar indiyə qədər sahiblərinə 25 milyon dollar gəlir gətirib. (Report)