“Artıq 4 ildir ki, investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan sayca 16-cı faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dollarlıq gəlir gətirib. Bununla da, İstiqraz sahiblərinin ümumi qazancı 20 milyon ABŞ dollara yüksəlib”.
Eləcə də bax: SOCAR yeni istiqraz buraxacaq - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə “SOCAR Capital” şirkətindən məlumat verilib.
Bildirilir ki, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1,25 milyon ABŞ dollarlıq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin 193 milyon ABŞ dolları ötməsi, bağlanmış əqd sayının 2,3 minə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 36 milyon ABŞ dolları üstələməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 yanvar tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların daim xidmətindədir.
Məlumatda qeyd olunur ki, 17 oktyabr tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün faiz ödənişləri növbəti iş günü həyata keçiriləcəkdir. (Report)