SOCAR Capital 2020-ci ilin sonuna qədər yeni istiqraz emissiyasını planlaşdırır.
FED.az xəbər verir ki, bunu Trendin sorğusuna cavab olaraq “SOCAR Capital” İctimaiyyətlə Əlaqələr Departamentindən bildiriblər.
Eləcə də bax: Dövlət şirkəti sakitcə $200 milyon istiqraz buraxdı - YALNIZ BANKLARA SATDI
Xalqımız SOCAR İstiqrazlarına böyük maraq göstərmiş və bu yüksək tələbat qiymətlərə də yansımışdır. Yeni istiqrazlar üçün həm fiziki, həm də hüquqi şəxslərdən ciddi ölçüdə tələblər gəlir. Bu səbəbdən, 2020-ci ilin sonuna qədər yeni istiqraz emissiyası planımız var. İstiqrazların məbləği, qiyməti və faizi barədə məlumatlar daha sonra ictimaiyyətə açıqlanacaqdır.
Məlum olduğu kimi, ilkin buraxılış ABŞ dollarında baş tutmuşdur. Bu il buraxacağımız yeni istiqraz da ABŞ dollarında olacaqdır. İstiqrazlarımızı ABŞ dollarında buraxmağımızın əsas səbəblərindən biri vəsaitlərini dollara çevirib, passiv şəkildə iqtisadiyyatdan kənarda tutan vətəndaşlara tam zəmanətli və likvid (istədikləri vaxt pula çevirə biləcəkləri) bir investisiya aləti təqdim etməkdir.
2016-cı ildə SOCAR şirkəti tərəfindən ölkədaxili bazar üçün hər birinin nominalı dəyəri 1000 (min) ABŞ dolları olan $100 milyon məbləğində istiqrazlar kütləvi yerləşdirilərək, tədavülə buraxılmışdır. 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatları 2021-ci ilin 17 oktyabr tarixinədək davam edəcəkdir.
Tədavüldə olan istiqrazlar investorlar tərəfindən 4 ilə yaxındır ki Bakı Fond Birjasında alınıb–satılmaqdadır. İnvestorlar SOCAR tərəfindən ödənilən rüblük faiz ödənişlərindən əlavə, istiqrazlarını yüksək qiymətə sata bildikdə də gəlir qazana bilirlər. Bu il ərzində 3 dəfə faiz ödənişi həyata keçirilib və $4.75 milyon investorların hesablarına köçürülüb. Bu günədək istiqraz sahiblərinin ümumi qazancı 18 milyon 750 min dollar təşkil edib.
İstiqrazlardan əldə olunan vəsaitlər ilk növbədə xaricdə buraxdığımız 1 milyard 750 milyon dollarlıq avrobondların geri alınmasına sərf olunur. İstiqraz buraxmaqla biz, əvvəla, xaricə hər il milyonlarla dollar faiz ödəməyin qarşısını alırıq, bu faizlər əcnəbilərə gəlir qazandırmaqdansa, öz vətəndaşlarımıza ödənilir və valyuta da ölkəmizdə qalır. İkincisi, SOCAR-ın özünün faiz xərcləri azalır, vəsaitlərimizi daha səmərəli şəkildə istifadə edirik. Üçüncüsü isə, bildiyiniz kimi, istiqrazlar buraxılan zaman vətəndaşlarımız öz pullarının təxminən 80%-ni dollara çevirib, passiv vəziyyətdə evlərdə və seyflərdə saxlayırdılar. Bu pullar nə iqtisadiyyata, nə də sahiblərinə gəlir gətirirdi. SOCAR istiqrazlarının buraxılması isə imkan verdi ki, iqtisadiyyatdan kənarda qalan və sahiblərinə heç bir fayda verməyən həmin pullar aktiv iqtisadiyyata cəlb olunsun.
SOCAR İstiqrazlarının ticarəti Bakı Fond Birjasında gedir. Hazırda, SOCAR İstiqrazlarını 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə də müraciət edərək əldə etmək mümkündür.
SOCAR İstiqrazlarının buraxılması daxili kapital bazarlarında çox mühüm hadisə oldu. 100 illik ənənəmizin davamı olaraq “SOCAR Capital” şirkəti vasitəsilə 100 milyon dollarlıq həcmdə buraxdığımız istiqrazlara tələbat 200 milyon dolları ötdü. İstiqrazlar elə bir vaxtda buraxılmışdı ki, həmin dövrdə vətəndaşlarımızın bank sektoruna etimadı arzuolunan səviyyədə deyildi, eyni zamanda bazarda gəlirli və etibarlı maliyyə alətləri də yox idi.
5 illik müddətə buraxılan, illik 5% gəlir gətirən və faizləri hər üç aydan bir ödənilən SOCAR İstiqrazları bazardakı həmin boşluğu doldurdu. Belə bir investisiya aləti xaricdəki inkişaf etmiş maliyyə bazarlarında da mövcud deyil. Çünki SOCAR buraxdığı istiqrazlara tam likvidlik verdi. Xüsusilə qeyd etmək lazımdır ki, indiyədək heç bir investor sahib olduğu SOCAR İstiqrazlarını nominal qiymət olan 1000 dollardan aşağı qiymətə satmayıb. Satışların da mütləq əksəriyyəti 1000 dolların üzərində olub. Əlavə olaraq, qrafikə uyğun surətdə faiz gəlirlərini də daim tam vaxtında əldə ediblər. Bu da Azərbaycan xalqına nə qədər əlverişli bir investisiya aləti təqdim etdiyimizi göstərir. İnkişaf etmiş bazarlarda faiz göstəricilərinin sıfır civarında olduğunu da xatırlatmaq istərdim. İnvestorlar bunun necə mühüm bir üstünlük olduğunu yaxşı bilirlər. İşin maliyyə tərəfindən başqa, bu addım nəticəsində ölkə vətəndaşları ilə SOCAR arasında güclü bir tərəfdaşlıq da yarandı və SOCAR İstiqrazları buraxıldığı gündən bəri vətəndaşlarımız üçün sabit gəlir mənbəyinə çevrildi. Yeni istiqraz buraxaraq, bu tendensiyanı davam etdirmək niyyətindəyik.
Təkrar bazar əməliyyatları həcminin $191 milyonu ötməsi, bağlanmış əqd sayının 2.200–dən artıq olması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $36 milyonu aşması SOCAR İstiqrazlarına olan böyük tələbatdan və etimaddan xəbər verir.