Azərbaycanın dövlət şirkəti «SOCAR Polymer Invesment» MMC daxili bazar üçün böyük məbləğdə dollar istiqrazı buraxıb.
Eləcə də bax: Azərbaycanda 2 illik istiqrazlar «göydə satıldı» - 10 MİLYON DA ƏLAVƏ
FED.az xəbər verir ki, ümumi həcmi 200 milyon dollar olan istiqrazlar iyulun 9-da satılıb, istiqrazların yerləşdirilməsində yalnız banklar iştirak edib.
Emissiya şərtlərinə görə, «SOCAR Polymer»in istiqrazları dollarda, 5 il müddətinə, illik 5% gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faizlər rübdə bir dəfə ödəniləcək. Başqa sözlə, bu dəfəki istiqrazların şərtləri 2016-cı ildə buraxılan SOCAR İstiqrazları ilə eynidir. Amma SOCAR istiqrazlarından fərqli olaraq «SOCAR Polymer»in istiqrazları yalnız banklara satılıb.
Maraqlıdır ki, istiqraz buraxılışı ilə bağlı bütün proseslər demək olar ki, qapalı həyata keçirilib. Bu barədə nə «SOCAR Polymer»in özü, nə də Mərkəzi Bank və Bakı Fond Birjası məlumat yaymayıb. İctimaiyyət bu istiqrazların buraxılması barədə emissiyadan bir hfətə sonra xəbər tutub.
«SOCAR Polymer»in istiqrazlarının satışı üzrə məsləhəti «PAŞA Bank» ASC verib. Ümumilikdə istiqrazlar 8 banka satılıb. Bunlar Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Bank of Baku, Bank Respublika, Kapital Bank, Rabitə Bank, Ziraat Bank və PAŞA Bankdır. Hələlik yalnız Beynəlxalq Bank aldığı istiqrazların həcmini açıqlayıb – 65 milyon dollar.
«SOCAR Polymer» istiqrazların satışından əldə edilən vəsait hesabına «Qazprombank» SC-dən aldığı kreditin bir hissəsini qaytaracaq. Nətiicədə «SOCAR Polymer» şirkətinin portfelinin bir hissəsi Azərbaycan banklarına keçib.
Qeyd edək ki, 200 mln. ABŞ dollar məbləğində istiqraz emissiyası Azərbaycanın istiqraz bazarı üçün ciddi hadisədir. Ölkə daxilində hələ bu həcmdə dollar istiqrazı buraxılmayıb (SOCAR İstiqrazlarının həcmi 100 milyon dollar idi).
Amma bu istiqrazların buraxılması «SOCAR Polymer»in özündən çox bu kağızları alan banklar üçün hava-su kimi vacibdir. Məsələ ondadır ki, ölkə bankları əllərindəki böyük məbləğdə artıq vəsaitləri – təqribən 8 milyard manat - yerləşdirməyə çətinlik çəkirlər. Onsuz da aktiv olmayan kredit bazrına koronavirus pandemiyasının təsiri ilə kredit müraciətləri kəskin azalıb.
Nəticədlə banklar xüsusilə dollar vəsaitlərinin yerləşdirilməsi ilə bağlı indiyədək görünməyən çətinliklərlə üzləşiblər. Ölkədəki qiymətli kağızların (AMB notları və Maliyyə Nazirliyinin istiqrazları) demək olar ki, hamısı manatda olduğuna görə, banklar dollar vəsaitlərini necə yerləşdirəcəklərini demək olar ki, bilmirlər. Belə vəziyyətdə 5 illik müddətə, dollarda, illik 5% gəlirliklə istiqrazlar - banklar üçün olduqca sərfəli alətdir.
Bu mənada sözügedən istiqraz buraxılışı «SOCAR Polymer»in özü qədər də banklara lazımdır.
FED.az-ın proqnorzlarına görə qarşıdakı dövrdə gəlirləri xarici valyuta ilə olan dövlət şirkətlərinin dollarla istiqraz buraxılışı bundan sonra da artacaq.