2026-cı ilin yanvar ayında "Troni İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 101 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 66,9 milyon manat və ya(təxminən 3 dəfə artıb.
Bu dövrdə şirkətin əməliyyatlarının əsas hissəsini repo əməliyyatları təşkil edib. Dövriyyənin 100 milyon manatı məhz bu seqmentin payına düşüb ki, bu da ötən illə müqayisədə 66,3 milyon manat və ya 3 dəfə artım deməkdir.
Cari dövrdə «Troni»nin digər aktiv olduğu seqmentlərdə də ciddi artım qeydə alınıb. Səhm əməliyyatları üzrə dövriyyə 350 min manat (95,4% və ya təxminən 2 dəfə) artaraq 717 min manata çatıb.
Korporativ istiqrazlar üzrə dövriyyə isə 231 min manat ( 4,4 dəfə) artaraq 298 min manat təşkil edib. Şirkət yanvar ayı ərzində ARMB qiymətli kağızları və dövlət istiqrazları ilə əməliyyat həyata keçirməyib.
Ən maraqlı məqam isə dövriyyə həcmindəki kəskin artıma baxmayaraq, əməliyyatların sayında cüzi dəyişikliyin olmasıdır. Yanvar ayının nəticələrinə görə, «Troni»nin əməliyyatlarının sayı cəmi 13 ədəd (1,7%) artımla 785-ə bərabər olub.











