2026-cı ilin yanvar ayında "CFI Financial İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi cəmi 3 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 45,3 milyon manat və ya 16,2 dəfə - yəni kəskin şəkildə azalıb.
Bu dövrdə şirkətin əməliyyatlarının demək olar ki, hamısı ARMB qiymətli kağızlarının payına düşüb. Dövriyyənin 2,9 milyon manatı bu alət üzrə qeydə alınıb. Şirkət həmçinin, korporativ istiqrazlar üzrə 20,4 min manatlıq, səhmlər üzrə isə 34,1 min manatlıq əməliyyat həyata keçirib. Ötən ilin yanvar ayında isə ARMB qiymətli kağızları və səhmlər üzrə dövriyyəsi olmayıb.
Cari dövrdə «CFI Financial» ötən il aktiv olduğu əsas seqmentlərdən tamamilə geri çəkilib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında şirkətin repo əməliyyatları üzrə 39,7 milyon manat, dövlət istiqrazları üzrə isə 8,6 milyon manat dövriyyəsi olmuşdu. Bu il isə hər iki alət üzrə heç bir əməliyyat aparılmayıb.
Dövriyyə həcmindəki kəskin azalmaya paralel olaraq, əməliyyatların sayında da ciddi eniş baş verib. Yanvar ayının nəticələrinə görə, «CFI Financial»ın əməliyyatlarının sayı 20 ədəd (5 dəfə) azalaraq cəmi 5-ə bərabər olub.











