14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: Bravo istiqrazlarına 19 investordan 40 sifariş - TAM SATILDI
Birjadan FED.az-a daxil olmuş məlumata görə, 28 dekabr 2021-ci il tarixində "Azərbaycan Supermarket" MMC-nin növbəti istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10 min ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10,5%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti hər 3 aydan birdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
CƏMİ 40 MİLYON MANAT CƏLB EDƏCƏK
Xəbər verdiyimiz kimi, "Azərbaycan Supermarket" MMC istiqraz buraxılışı yolu ilə 40 milyon manat cəlb etməyi nəzərədə tutur. MMC hər birinin nominal dəyəri 1000 manat olan 40 min ədəd istiqraz emissiya edib.
28 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 19 investor 27 milyon 31 min manatlıq 40 sifariş təqdim etmişdi. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 10 milyon manat təşkil etmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.