2025-ci ilin yanvar–dekabr aylarının yekunlarına görə, “ABB İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatları üzrə göstəriciləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə şirkətin ümumi əməliyyat portfelində geriləmə qeydə alınıb.
İl ərzində “ABB İnvestisiya” tərəfindən həyata keçirilən əməliyyatların ümumi həcmi 38 milyard 383 milyon 924 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 35,0% və ya 20 milyard 687 milyon 296 min manat azalıb. Müqayisə üçün qeyd edək ki, ötən il şirkətin birja dövriyyəsi 59 milyard 71 milyon manat səviyyəsini ötüb.
Belə ki, repo əməliyyatları üzrə dövriyyə 32 milyard 523 milyon 404 min manat təşkil edib.
Eyni zamanda, dövlət qiymətli kağızları bazarında əhəmiyyətli artım müşahidə olunub. Maliyyə Nazirliyinin istiqrazları ilə aparılan əməliyyatların həcmi 2,7 dəfə artımla 5 milyard 71 milyon 204 min manata çatıb. Bu bazar üzrə artım məbləği 3 milyard 200 milyon manatdan çox olub.
Korporativ istiqrazlar üzrə əməliyyatlarda da müsbət dinamika qeydə alınıb. Şirkətin bu bazarda formalaşdırdığı dövriyyə 78,8% (255 milyon 337 min manatlıq artım) artaraq 579 milyon 315 min manat səviyyəsinə yüksəlib.
Mərkəzi Bankının notları üzrə əməliyyatlar da artım tempini qoruyub. Sözügedən qiymətli kağızlar üzrə dövriyyə 96 milyon 464 min manat və ya 91,4% artaraq 201 milyon 981 min manat təşkil edib.
Səhmlər üzrə əməliyyatların həcmi 18 milyon 20 min manata bərabər olub.
Əməliyyatların sayı 25 215 olub.










