ABŞ ilə Çin arasında artan ticarət gərginliyi qlobal maliyyə bazarlarında yeni dalğalanmalar yaradıb. Çinli investorlar getdikcə daha çox qızıl alır, bu da qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub. Yuanın zəifləməsi və Çin Mərkəzi Bankının ehtiyatlarını artırması bu tendensiyanı daha da gücləndirib.
Goldman Sachs qızılın qiymət proqnozunu artırdı - 4 000 DOLLAR!
FED.az xəbər verir ki, bu gün qızılın bir unsiyasının qiyməti $3,245 səviyyəsinə çataraq tarixi rekord qırıb. Bu, ilin əvvəlindən bəri 23%-lik artım deməkdir. Əlavə olaraq, 2024-cü ildə qiymətlər 27% artmışdı – beləliklə, ardıcıl ikinci il qızıl bazarında kəskin yüksəliş müşahidə olunur.
Çin Xalq Bankı artıq beşinci ay ardıcıl olaraq qızıl ehtiyatlarını artırır. Təkcə 2025-ci ilin mart ayında ehtiyatlara 0.09 milyon troya unsiyası əlavə olunub, ümumi ehtiyatlar isə 73.7 milyon troya unsiyasına çatıb. Bu, ölkənin maliyyə sabitliyini qorumaq üçün qızılı strateji aktiv kimi gördüyünü sübut edir.
Analitiklər bildirirlər ki, artmaqda olan ticarət və geosiyasi risklər fonunda qızıl yenidən ən etibarlı sərmayə aləti kimi ön plana çıxır. Əgər ABŞ-Çin münasibətləri daha da gərginləşərsə, qızıl qiymətlərində daha yüksək səviyyələr qeydə alına bilər.
Bloomberg-in məlumatına əsasən, bəzi beynəlxalq investisiya bankları qızılın pik qiymətinin hətta $4,500-a qədər yüksələ biləcəyini də istisna etmirlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.